Türkiyədə hoteldəki dəhşətli yanğında 76 nəfər öldü FOTO
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

07:48
Türkiyədə dağ-xizək kurortunda baş verən yanğında ölənlərin sayı 76-ya çatıb
Ərdoğan ölkədə milli matəm elan edib.
Xatırladaq ki, yanğın nəticəsində Kartalkaya istirahət mərkəzində yerləşən elit otel tamamilə yanıb.
"1974-cü ildə tikilən mehmanxananın üzəri taxta ilə örtülmüşdü ki, bu da yanğının sürətlə yayılmasına şərait yaradıb. Binada isə nə tüstü, nə də yanğınsöndürənlər olub", - Ekol TV xəbər verir.
Daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində aralarında otel sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
***
18:00
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə:
Bolu vilayətində Kartalkaya xizək mərkəzində baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları olmayıb.
***
17:20
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
17:13
Türkiyədə xizək kurortunda yanmış otelin sahibi və daha 3 nəfər saxlanılıb, ölkənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
16:45
Azərbaycan Xarici İşlər Nazirliyi də insident nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
***
16:30
Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 66 nəfərə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.
Otelin 12 mərtəbədən ibarət olduğu və yanğın zamanı orada 238 nəfərin olduğu qeyd edilir.
***
Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.
Xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.
Bu barədə NTV məlumat yayıb.
32 nəfərin isə yaralandığı qeyd edilib.
Yanğının söndürülməsi davam etdirilir.