Türkiyəli çeçenlər
Soruşanda ki, yaşamaq üçün niyə məhz Türkiyəni seçirsiniz, cavabları İslam dini və təhlükəsizlik olur
2022-ci ilin yazında Türkiyənin Alanya şəhərindəki lüks villaların birində qətl hadisəsi törədildi. Alqı-satqı zamanı ev sahibi təklif olunan qiymətə razılaşmadı və buna görə də öldürüldü. Ev sahibi türk, villanı almaq istəyən xaricilər idi. Çox keçmədən məlum oldu ki, qətldə çeçenlərin barmağı var. Hadisənin üstündən heç bir gün keçməmiş Antalyanın xüsusi təyinatli polis qrupu əsasən çeçenlərin yaşadığı elitar yaşayış komplekslərinin birindəki mənzilə səhər tezdən basqın etdilər və bir nəfər çeçen vətəndaşı həbs olundu. Doğrudur, il yarım sonra həmin şəxs təqsirsiz bilinərək ev dustaqlığına buraxıldı. Əleyhinə heç bir şahid ifadəsi tapılmadı. Həmin çeçenin həbsxanada yatdıği müddət ərzində beş az yaşlı uşaqdan ibarət ailəsinə qaynağı və kimliyi bəlli olmayan dostlarından pul axırdı. Uşaqlar Antalyanın ən bahalı dini təmayüllü məktəbində oxumağa davam edir, aylıq kirayə haqqı 20 min dollar olan mənzilin borcu vaxtlı-vaxtında ödənirdi. Dünyanın harasında olursa olsun yaşayan çeçenlər sıx icmalar şəklində yaşayırlar və dar gündə bir-birilərinə mütləq maddi dəstək verdikləri məlumdur. Ancaq bu maddi qaynaqları həmişə müəmma olaraq qalır və mümkün olduqca qara işlərini yeddi qıfıl arxasında sirr saxlayırlar. Buna baxmayaraq, gəlir mənbələri haqqında yerli cəmiyyətə bəzi məlumatlar sıza bilib: sələmçilik, bitkoin alqı-satqısı, silah satışı, mülklərin kirayəyə verilməsi və hətta çirkli pulların yuyulması. Türkiyədə kasıb çeçen yoxdur. Bu ölkədə ən çox mülk və bahalı avtomobil alan xaricilər arasında üçüncü yerdədilər.
Soruşanda ki, yaşamaq üçün niyə məhz Türkiyəni seçirsiniz, cavabları İslam dini və təhlükəsizlik olur. Tütkiyədə nə qədər çeçenin yaşadğı haqqında dəqiq statistikanı tapa bilmədim. Bir o bəllidir ki, ruslardan azdırlar. Bir qismi XIX əsrdə Çeçenistanın Rus İmperiyasının tərkibinə keçməsindən sonra Osmanlı dövlətinə sığınanların nəvə-nəticələri, bir qismi də Ramzan Kadırova nifrətini açıq bildirməkdən qorxaraq ailəsini tələm-tələsik Türkiyəyə yerləşdirənlərdir. Bunların arasında Kadırov hökuməti tərəfindən axtarışda olan, təqib və təhdid olunalar lap çoxdur.
2008-ci ildən bu yana Türkiyədə altı çeçen öldürülüb. Bu qətllərin arxasında Rusiyanın və Kadırovun adamlarının olduğu bildirilib. 2008-ci ildə İstanbulun Ümraniye rayonunda sabiq çeçen komandiri İslam Canibekov ailəsinin gözü qarşısında öldürülmüşdü.
Həm Çeçenistandan, həm də Rusiyadan gələn çeçenlər Ankara, İzmir, İstanbul, Antalya kimi böyük şəhərlərə məskən salırlar. Antalyada elə binalar var ki, blokların hamısında sadəcə çeçenlər yaşayır. Rus dilində danışır, ancaq mütləq ərəb dilini öyrənirlər. Qadınları qara çadra geyinir. Qız uşaqıarnı 3 yaşından qapadırlar, 6 yaşından məcburən ərəb dilini öyrədir, Qurani Kərimdən müxtəlif ayə və surələri əzbərlədirlər.
İşin ən maraqlı və qəribə tərəfi odur ki, Türkiyəni özləri və ailələri üçün ən təhlükəsiz və etibarlı yer kimi seçib bu ölkəyə sığınmış çeçenlər Türkiyənin qurucusu, sekulyar dövlətin banisi Mustafa Kamal Atatürkə gizli-gizli nifrət edir, uşaqlarına da ona qarşı dərin və əsassız nifrət aşılayırlar.
Ardı var...