Ukrayna Rusiyada ələ keçirdiyi ərazini özününküləşdirəcəkmi?
Suala Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi cavab verir
Ukrayna Rusiya Federasiyasının Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş hissələrini özünə saxlamaq niyyətində deyil, Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi bildirib. Diplomatik departament nümayəndəsinin bəyanatını RBC-Ukrayna yayıb.
Tixinin sözlərinə görə, Ukraynanın Kursk bölgəsindəki hərbi əməliyyatı “cəbhəyə kömək edir” və Rusiyanın hərbi logistikasını çətinləşdirir. “Bu, Rusiyaya Donbasa əlavə qüvvə ötürməyə imkan vermir və onun hərbi logistikasını çətinləşdirir. Ukrayna Silahlı Qüvvələrinin hədəfi yalnız hərbi obyektlər və hərbi qulluqçulardır”, - deyə ukraynalı diplomat bildirib.
Tixi bildirib ki, Kiyevin hərəkətləri “sivil Avropa hərbi gücünü” təmsil edir. O, Ukrayna tərəfinin beynəlxalq humanitar hüquqa riayət etdiyini bildirib.