XƏBƏRLƏR / Münaqişə

Kolumbiya Prezidenti Petro ABŞ-dan qorxmadığını bəyan edir

ABŞ Prezidenti Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib

Kolumbiya Prezidenti Petro ABŞ-dan qorxmadığını bəyan edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kolumbiya lideri: Əgər onlar məni həbs etməyə çalışsalar, xalq müdafiəmə qalxacaq

    Kolumbiya Prezidenti Qustavo Petro vətənin müdafiəsi üçün silaha sarılmağa hazır olduğunu bəyan edib.

    Dövlət başçısı bu barədə özünün sosial media hesabında yazıb. “Heç vaxt hərbçi olmasam da, müharibənin və partizan mübarizəsinin nə olduğunu bilirəm. 1989-cu il sülh müqaviləsindən sonra bir daha əlimə silah götürməyəcəyimə and içmişdim, lakin vətən naminə yenidən silaha sarıla bilərəm”, - deyə gəncliyində solçu “19 Aprel Hərəkatı” təşkilatının üzvü olan Qustavo Petro bildirib.

    Dövlət başçısı, həmçinin Kolumbiya xalqının onun müdafiəsinə hazır olduğuna əminliyini ifadə edib. “Əgər onlar məni - əhalinin böyük hissəsinin sevdiyi və hörmət etdiyi prezidentini həbs etməyə çalışsalar, xalq müdafiəmə qalxacaq”, - deyə Kolumbiya lideri vurğulayıb.

    Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Kolumbiyada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib. ABŞ lideri Qustavo Petronu narkotik istehsalını təşviq etməkdə günahlandırıb və Kolumbiyaya qarşı sərt tədbirlər görəcəyini deyib.