BLOQ

Vaşinqton Zirvə Görüşünün birinci ildönümü

Azərbaycan - Ermənistan sülh gündəmində hansı nəticələr var?

Vaşinqton Zirvə Görüşünün birinci ildönümü
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 2025-ci il avqustun 8-dən bir il ötür. Gəlin, sülh gündəmini strukturlaşdırmağa və ötən il ərzində formalaşmağa başlayan tendensiyaları müəyyənləşdirməyə çalışaq.
     
    İkitərəfli format alternativsiz olaraq qəbul edilib. Ardıcıl addımlardan ibarət razılaşdırılmış sülh gündəmi mövcuddur.
     
    TRIPP layihəsinin reallaşdırılması üçüncü tərəfin sülh gündəmində iştirak formulunu müəyyən edir: Hər iki tərəfin razılığı ilə və müəyyən istiqamət, layihə üzrə.
     
    Ən yüksək və yüksək səviyyələrdə dialoq qurulub. Administrasiyalar arasında daimi operativ əlaqə var. Diplomatlar beynəlxalq təşkilatlarda gərginliyin azaldılması istiqamətində iş aparırlar.
     
    Baş nazir müavinlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya sərhədin müəyyənləşdirilməsi və iqtisadi münasibətlər məsələləri ilə məşğul olur.
     
    Qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığa start verilib.
     
    Vətəndaş cəmiyyəti dialoq üçün platforma formalaşdırıb – “Sülh körpüsü” təşəbbüsü.
     
    Azərbaycan və Ermənistan çoxsaylı dövlətlərlə münasibətlərin səviyyəsini yüksəldir; təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişaf və inteqrasiya layihələrinin həyata keçirilməsi məsələlərini həll etməklə sülh gündəmini monetizasiya etməyə çalışırlar.
     
    Əlbəttə, münaqişənin bütün problemlərinin və nəticələrinin həlli üçün əsasların qoyulduğunu söyləmək olmaz. Lakin ötən il ərzində aydın oldu ki, mövcud problemlər, gələcək fikir ayrılıqları, mümkün rəqabət yalnız danışıqlar və diplomatiya yolu ilə müzakirə olunacaq və bəlkə də öz həllini tapacaq.
     
    Vaşinqton Sammitinin birinci ildönümündə əminliklə qeyd etmək olar ki, qarşıdakı beş il ərzində Azərbaycanda və Ermənistanda hakimiyyətdə sülh gündəmini razılaşdırmış və sülhü öz daxili siyasi proqramına çevirmiş iki leqitim hökumət olacaq.
     
    Ötən il ərzində region daha təhlükəsiz olmadı, şimal ilə yanaşı cənubda da müharibə alovlandı. Lakin bu, sülh gündəminə yenidən baxılması üçün səbəb olmadı.
     
    TRIPP layihəsi real cizgilər və çərçivələr qazanmağa başladı, yaxın aylarda tikinti işlərinə start verilməsi gözlənilir. Ötən il ərzində Tramp administrasiyası layihəyə maraq göstərib, Ermənistan və Azərbaycanla, Mərkəzi Asiya ölkələri ilə paralel iş aparıb, TRIPP üçün yüz milyonlarla dollar ayrılıb, milyardlıq investisiyalar üçün müraciətlər edilib. Beləliklə, TRIPP böyük qarşılıqlı əlaqə və əməkdaşlıq mexanizminin əsas tərkib hissəsinə çevrilir. Bu, region ölkələri və ABŞ üçün də maraqlıdır.
     
    Azərbaycan və Ermənistanın sülh gündəmi regionun parametrlərinin transformasiyası üçün əsasları müəyyən edir. Proses bir neçə il çəkə bilər, çünki bu prosesə həm region ölkələrinin daxilində, həm də xarici perimetrdə müqavimət göstərilir. Cənubi Qafqaz ölkələri təzyiqə tab gətirməli və irəli getməlidir. Sülh gündəminin ilk ili göstərdi ki, tendensiyanın əsası qoyulub və hər kəs regionun yeni parametrlərinə uyğunlaşmalıdır.
     
    Gündəmdə mühüm proseslər (Ermənistanın yeni Konstitusiyasının qəbulu, TRIPP layihəsinin həyata keçirilməsi, delimitasiya və demarkasiya olunmuş sərhədin yeni sahələrinin müəyyənləşdirilməsi) qalır ki, sülh quruculuğunun tempi məhz onlardan asılıdır. Əsas odur ki, sülh gündəmi aktuallığını qoruyur və məzmun baxımından zənginləşir.