XƏBƏRLƏR / Kriminal

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb

YENİLƏNİB

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:40

    Vaşinqtonda Paytaxt Yəhudi muzeyində atəş açan şəxs əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyən Çikaqodan (İllinoys ştatı) olan 30 yaşlı Elias Rodriqes olub.

    Bu barədə CNN telekanalı məlumat yayıb.

    Polisin məlumatına görə, o, yeganə atəş açan şəxs olub.

    Qeyd olunur ki, atəşdən sonra Rodriqes muzey binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti onu içəri buraxmayıb.

    Atəş açan şəxs artıq saxlanılıb, o, saxlanılarkən əməlini etiraf edib və tapançanı harada atdığını bildirib. O, həmçinin "bunu Qəzza üçün etdiyini" deyib.

    ***

    08:56

    Vaşinqtonda (ABŞ) Paytaxt Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin 2 əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə paytaxt Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqezdir. Atışmadan əvvəl onun muzeyin dolaşdığı müşahidə edilib.

    Hadisə zamanı həmin şəxs dörd nəfərlik qrupa yaxınlaşaraq tapançadan iki nəfərə atəş açıb. Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.

    İsrail səfirliyi hadisə qurbanlarının nişanlı olduğunu açıqlayıb.

    Bu arada ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.

    Ağ Ev rəhbəri bununla bağlı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

    "Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdur", - Tramp ölən diplomatların ailələrinə başsağlığı verərək yazıb.

    ***

    08:25

    ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər - bir qadın və bir kişi güllələnərək öldürülüb.

    Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

    İsrailin ABŞ-dakı səfiri Yeçiel Leiterin sözlərinə görə, çərşənbə günü gecə "Azad Fələstin" adı ilə  güllələnən bu iki nəfər "nişanlanmaq üzrə olan gənc cütlük" idi.

    Qatili tutmaq hələ ki mümkün olmayıb.