Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev rəsmi "twitter" səhifəsində paylaşım edib.
Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə üç ədəd “Elbrus” raket qurğusunu məhv edib.
Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş Prokurorluq: Düşmənin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 8 nəfər xəsarət alıb.
Belə ki, saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.