BLOQ / Yaddaş

Vətən müharibəsinin xronikası: 3 noyabr VİDEO / FOTO

Müharibənin 38-ci günü

Vətən müharibəsinin xronikası: 3 noyabr VİDEO / FOTO
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb.

    • Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

    • Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı, eləcə də Xocavənd istiqamətində gedən döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.

    • Azərbaycanın Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

    • Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığındakı iki sursat anbarının məhv edilməsinin videogörüntüsü.

    • Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilib.

    VİDEO

    • Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

    • Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu top mərmiləri ANAMA tərəfindən zərərsizləşdirilib.

    • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2 min 488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    • Baş Prokurorluq: İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barədə cinayət işi başlanıb.


    Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

    Araşdırmalarla Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “ASALA”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək "Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyənləşdirilib.

    Həmçinin qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyənləşdirilib.

    Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluqla əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkarlanıb.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    Dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.