Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən Ermənistan ordusunun bölmələri geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki Su-25 təyyarəsi, üç T-72 tankı, bir PDM, iki “Smerç” və bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 müxtəlif tipli topu, iki “Qvozdika” özüyeriyən haubitsası, bir “Osa” ZRK, bir P-18 radiolokasiya stansiyası, dörd avtomobil texnikası sıradan çıxarılıb.
Bölmələrimiz Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemini, Bərdə və Tərtər şəhərlərinə atəş açan iki “Smerç” sistemini, bir “Osa” zenit-raket kompleksini məhv ediblər.
Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində ucaldılıb və onlar xidməti-döyüş fəaliyyətinə başlayıb.