Vətənə təhlükəsiz və ləyaqətli qayıdışa zəmin yaradılmalıdır
Milli Məclisdə Qərbi Azərbaycan icmasının doğma yurdlarına dönməsi mövzusunda ictimai dinləmə keçirilib
Milli Məclisdə "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalına son qoyulmaqla yanaşı, həm də vaxtilə Ermənistan ərazisindən deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb.
Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasını ziyarət edərkən bildirmişdi ki, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması kortəbii şəkildə yox, planlaşdırılmış şəkildə həyata keçirilməlidir: “Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə ciddi şəkildə qəbul olunmasında Prezident İlham Əliyevin mühüm rolu var. Bu müddətdə Qardaş Türkiyə də daxil olmaqla, Qərbi Avropanın bir sıra dövlətlərində bu məsələ dəfələrlə qaldırılıb. Ölkəmizə qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını onların müstəsna hüququ kimi qəbul etməkdədir. Bir müddət əvvəl Qambiyada 57 dövlətin iştirakı ilə keçirilən tədbirdə həmin ölkələrin soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq hüququ ilə bağlı qəbul etdiyi qətnamə də bu məsələyə beynəlxalq diqqətin cəlbi baxımından mühüm əhəmiyyət daşıyır”.
Millət vəkili, Qərbin Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bildirib ki, icmanın tərkibində yaradılan şura ilk günündən aktiv şəkildə fəaliyyət göstərir: “Türkiyədə Qərbi Azərbaycan əsilli insanların yaratdığı dərnəklər fəaliyyət göstərir. Bizim orada keçirdiyimiz tədbirlərdə həmin dərnəklərin təmsilçiləri də aktiv şəkildə iştirak edir. Bununla yanaşı, dekabrın 5-də Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçiriləcək. Ümid edirik ki, bu tədbirlər sözügedən problemin daha geniş ictimaiyyətə çatdırmasına töhfə verəcək".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əmindir ki, bu kimi tədbirlər Qərbi Azərbaycan məsələsinin daim gündəmdə saxlanılmasına imkan verəcək.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xarici ölkələrdə Qərbi Azərbaycan məsələsi ilə bağlı kitabların çap olunmasını təklif edib. “Bundan sonra bizim əsas ideologiyamız Qərbi Azərbaycan və Qərbi Azərbaycana qayıdış olmalıdır".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi təkcə icmanın fəaliyyəti ilə məhdudlaşmamalıdır: “Hər kəs bu məsələnin beynəlxalq müstəvidə gündəmdə saxlanılması üçün tədbirlər görməlidir. Hesab edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsi ermənilərin Qarabağa qayıtması ilə paralel şəkildə həyata keçirilməlidir".
Deputat Azay Quliyev həm xarici ölkələrin parlamentlərində Qərbi Azərbaycan məsələsinə dair xarici ölkələrin parlamentlərində qətnamənin qəbulu istiqamətində fəaliyyət göstərməyi, həm də bu Qərbi Azərbaycana qayıdış məsələlərinin koordinasiyası ilə bağlı xüsusi nümayəndəlik institutunun yaradılmasını təklif edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov nəzərə çatdırıb ki, indiyədək Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin fərdi anket məlumatlarının və müvafiq sənədlərin toplanması üçün arxiv yaradılıb: “Eyni zamanda yaradılmış xüsusi komissiya tərəfindən Ədliyyə Nazirliyi və digər qurumlarla birlikdə Qərbi Azərbaycanlılara məxsus arxiv sənədlərinin toplanması işi davam etdirilərək, müvafiq məlumat bazası yaradılıb. Ümid edirəm ki, dövlətimizin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdış konsepsiyası uğurla həyata keçiriləcək".
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev isə Ermənistanın aktiv şəkildə silahlanmasını yolverilməz sayıb.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov bildirib ki, fundamental insan hüquqlarından olan qayıtmaq hüququ beynəlxalq hüququ beynəlxalq hüququn ayrılmaz hissəsidir: "İndiyədək beynəlxalq müstəvidə qəbul olunan sənədlər Ermənistandan qovulan soydaşlarımızın öz evlərinə qayıtması üçün presedent yaradır. Qaçqınların öz evlərinə qayıtması həm repatriasiya, həm də reinteqrasiya formalarında həyata keçirilir".
Tədbirdə o da qeyd edilib ki, BMT-nin Qaçqınların Statusu Haqqında Konvensiyası Azərbaycanın bu məsələdə istinad etdiyi əsas sənədlər olsa da, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın öz evlərinə qayıtması həm də milli mənəviyyat məsələsidir.