XƏBƏRLƏR / İctimaiyyət

“Vikipediya”da şəhidlərlə bağlı məqalələr silinib

AMEA bəyan edir ki, Akademiyada fəaliyyət göstərən könüllü qrupların bununla heç bir əlaqəsi yoxdur

“Vikipediya”da şəhidlərlə bağlı məqalələr silinib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.

    Bu barədə AMEA mətbuat ximətinin yaydığı açıqlamada bildirilib.

    “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”, - deyə açıqlamada qeyd olunub.

    Qeyd edək ki, “Azərbaycan Vikipediya-sını gözdən salan, 200.000 məqalə içində 3000 şəhid məqaləsini silənlər çox kobud və səhv addım atıblar. Bu prosesin sonlanması və məqalələrin bərpası üçün bütün şəxsi əlaqələrimi səfərbər etmişəm”. Bunu texnobloger, Azərbaycan Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas bildirib.

    Onun sözlərinə görə, artıq bir neçə Vikipediya idarəçisi bu istiqamətdə hərəkətə başlayıb.
     
    F.Pərdəşünas deyib ki, şəhid məqalələrini silənləri tanıyır: “Adbaad bilirəm. Linç edilməklərini istəmirəm. Təhlükəlidir açıqlamaq. Ararlarında azyaşlı da var...

    ...insanların onlara hücumu ola bilər. Çox aqressiv davranışlar görə bilərik. Mən hələ də ümid edirəm ki, bu uşaqlar baxıb nəticə çıxacaqlar”.2007-ci ildən Vikipediaya-nın Azərbaycan dilindəki idarəçilərindən olan Ramiz Rövşənoğlu da 3000 şəhid məqaləsininin silinməsi ilə bağlı danışıb.

    O bildirib ki, son 3-4 ildə azərbaycanca Vikipediya-da olan haqsızlıqlar geniş miqyas alıb:

    “Təəssüflər olsun ki, son bir neçə ildir azərbaycanca Vikipediya-da bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azviki idarəçilərinin sıralarına da sızıblar. Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda azviki-də həll edir ki, hansı Vikipediya-çı bloklansın, kim azviki-nin idarəçisi olsun, hansı məqalə silinsin, hansı məqalə qalsın və s. Aktiv Vkipediya-çılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm, məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar – hələ ki bir şey çıxmır, çünki azərbaycanca Vikipediya-da hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan Vikipediya-çı var.

    Amma bitərəf Vikipediya-çıları bir az da “seyrəldəndən” sonra bu istəklərinə də nail olacaqlar. Məqalə silinməsinə gəldikdə - o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, Vikipediya prinsipinə görə, bu silinməlidir. Son vaxtlar azərbaycanca Vikipediya-da qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər.

    Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, Ümumvikipediya prinsipidir. Amma məsələn, bizim “ağıllı” Vikipediya-çılar bir prinsip quraşdırıb: Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı, dərd yarıydı.

    Son vaxtlar azviki-də gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf...”.

    Qeyd edək ki, Azərbaycanın aralarında yüksək rütbəli hərbçilər də olan 3000 şəhidi haqqında məqalə qlobal internet layihəsi olan Vikipediya-dan tamamilə silinib. Bu hadisə Azərbaycan ictimaiyyətində etirazlara səbəb olub. Bu "işi görənlər"i qınayan ictimaiyyət nümayəndələri onların cəzalandırılmasını tələb ediblər.