“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbər verir
“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.