Vyetnam KPMK Baş katibi Azərbaycanda dövlət səfərindədir
YENİLƏNİB / FOTO / VİDEO

18:39
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.
VİDEO
Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.
- Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.
Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.
Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.
Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.
Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.
Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.
Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.
***
Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış edib.
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.
Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.
Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.
İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.
Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.
Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.
Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.
Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.
Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.
***
18:30
Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul edibər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə ediblər.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Vyetnamın milli müdafiə naziri Phan Van Giang mübadilə ediblər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Vyetnamın ədliyyə naziri Nguyen Hai Ninh mübadilə ediblər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “PetroVietnam” Şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung mübadilə ediblər.
“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Binh Son Refining” Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə ediblər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung mübadilə ediblər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Vyetnamın mədəniyyət, idman və turizm naziri Nguyen Van Hung mübadilə ediblər.
Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.
***
17:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü başlayıb.
Görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Dövlətimizin başçısı özünün Vyetnama səfərinə toxunub, Baş katib To Lamın ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasını əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd edilib.
Vyetnam tərəfinin öz ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb və bu baxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaxşı imkanlar yaratdığı qeyd edilib.
Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb.
Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldığı xatırlanıb, bu gün də həmin şəxslərin Vyetnamın inkişafında mühüm rol oynadıqları bildirilib, Vyetnamda Azərbaycanda təhsil almış tələbələrin Assosiasiyasının fəaliyyət göstərdiyi vurğulanıb.
Görüşdə Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Baş katib To Lam Prezident İlham Əliyevi Vyetnama səfərə dəvət edib. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul edib.
***
16:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
***
16:41
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Prezident İlham Əliyev və Baş katib To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycan əsgərlərini salamlayıb.
Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş katib To Lama, Vyetnam nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Azərbaycan Prezidenti və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi rəsmi foto çəkdiriblər.
***
16:37
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana dövlət səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.