“Windows” əməliyyat sisteminin yenilənməsini dayandırın!
Bu barədə Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edir
Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD –BlueScreen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “FalconSensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat verir.
"Belə ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur", - məlumatda deyilir.
Qeyd edək ki, qlobal xəta fonunda ABŞ-da hava yollarının fəaliyyətində geniş miqyaslı fasilələr qeydə alınır. Medianın iyulun 19-da yaydığı xəbərlərdə bildirilir ki, rabitə problemləri səbəbindən ABŞ-ın ən böyük aviaşirkətləri – “United Airlines”, “American Airlines” və “Delta Airlines” uçuşları dayandırıb.
Bəzi məlumatlara görə, Britaniyanın “SkyNews” telekanalı şəbəkədən ayrılıb, “Windows” isə fasilələrlə işləyir.
Bundan əlavə, Berlin Hava Limanı da texniki nasazlıq səbəbindən mümkün qeydiyyat gecikmələri haqqında məlumat verib.
İspaniyanın hava limanlarında da kompüter sistemində insident baş verib. “Aena” operatorunun sözlərinə görə, bu, uçuşların gecikməsinə səbəb ola bilər.
Media, həmçinin, Böyük Britaniyanın bir sıra hava limanlarında və Türk Hava Yollarında uçuşların dayandırılması barədə yazır və bunun “böyük qlobal fasilə” səbəbindən baş verdiyini vurğulayır.
Avstraliyada İT sistemlərinin işində nasazlıq müşahidə olunub, bu, təkcə hava limanlarına deyil, banklara və supermarketlərə də təsir edib. Bu ölkədə nər olunan “WA Today” qəzetinin məlumatına görə, Apple Pay daxil olmaqla ödəniş sistemləri bundan təsirlənib.
Hindistanın “Times Now” kanalının ilkin məlumatlarına görə, qlobal fasilənin səbəbi Amerikanın kibertəhlükəsizlik xidməti olan “CrowdStrike” tərəfindən aparılan son yeniləmədir.
İrlandiyanın “Ryanair” aviaşirkəti və Edinburq Hava Limanı (Şotlandiya) da problemlər barədə xəbərdarlıq edib.