Xalq artisti Nəsibə Zeynalova - 110
Görkəmli aktrisa Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarlarla tərəf-müqabili olub
Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 110-cu ildönümü tamam olur.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Onun Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Qeyd edək ki, ANS Şirkətlər Qrupuna daxil olan "Balans Studiyası" 2025-ci ildə "Qaynana" filmini tam bərpa edib.
Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.
Görkəmli aktrisa Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarlarla tərəf-müqabili olub. Hər biri ilə də bənzərsiz ifa nümayiş etdirib. Azərbaycanın çağdaş teatr tarixində Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan üçlüyünün özünəməxsus yeri görünür. Səhnə taleyi bu üçlüyü çox sıx birləşdirmişdi. Bu vəhdət oynanılan hər bir əsərin uğuru ilə nəticələnirdi. Ən uğurlu teatr tamaşalarından olan "Hicran"ın nailiyyətləri məhz bu üçlüyün istedad və əməyindən qaynaqlanıb.
Əməkdar artist Çingiz Əhmədov Nəsibə Zeynalova haqqında xatirələrində deyib: "Biz qohum olmuşuq, 5-6 yaşlarımda rəhmətlik nənəm məni tez-tez Nəsibə xanımgilə aparırdı. Nəsibə xanım çox diqqətcil adam idi, nənəmə teatr biletləri verirdi ki, mütəmadi olaraq gəlib tamaşaları izləyə bilək. Hər zaman tamaşa başlamamışdan qabaq orkestrin qarşısında dayanıb bütün prosesləri diqqətlə izləyirdim. Nəsibə xanım səhnəyə çıxarkən o möhtəşəm alqışları görürdüm. Beləcə tamaşalara gedə-gedə məndə də bu sahəyə həvəs yaranırdı. Universiteti bitirdikdən sonra aktrisa Ofelya Məmmədzadə özüm də gözləmədən məni aparıb Musiqili Teatra işə düzəltdi. Bu teatra işə girdim və bir gün Nəsibə xanıma teatrda dedim ki, Mömə, tanıdın məni? Dedi ki, "Adə, şirin gəlirsən mənə, televizordan tanıyıram, kimsən sən?" Dedim, Zibeydə xanımın nəvəsiyəm, sizə gəlirdim. Dedi, "Hə, yadıma düşdü"...
Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalovanın 100 illiyi və atası - Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında silsilə tədbirlərlə qeyd edilib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
4 dəqiqə