Xalq şəhidlərin uyuduğu məkanları ziyarət edir FOTO
27 sentyabr - Anım Günüdür
Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olunub. Düz dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımlar məhz həmin gün atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2 min 900-dən çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Sentyabrın 27-də – Anım Günündə minlərlə insan şəhidlərin uyuduğu müqəddəs məkanlara axışır. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Anım Günündə ən çox ziyarət olunan məkanlar Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanı və İkinci Şəhidlər xiyabanıdır. Bu gün səhər saatlarından başlayaraq, dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidlərimizin xatirəsini yad etmək üçün həmin müqəddəs məkanlara üz tuturlar. Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunur, onlara bir daha minnətdarlıq ifadə olunur.
Respublikamızın hər yerində şəhid məzarları ziyarət edilir, izdihamlı anım mərasimləri keçirilir.