XƏBƏRLƏR / Mədəniyyət

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

YENİLƏNİB

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:45

    Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb:


    "Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

    Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

    Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.

    Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

    Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

    Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

    Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

    Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

    Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

    Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Adil Kərimli

    Polad Bülbüloğlu

    İsa Həbibbəyli

    Anar Rzayev

    Nəriman Həsənzadə

    Kamal Abdullayev

    Çingiz Abdullayev

    Hacı İsmayılov".

    ***

    12:11

    Xalq yazıçısı Elçin Əfəndiyevlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilir.

    Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edir.

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

    Qeyd edək ki, Elçin Əfəndiyev ötən gün vəfat edib.