XƏBƏRLƏR / Elm və Texnologiya

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim iştirak edir

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir.

    Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb:

    "Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulayan dövlətimizin başçısı, həmçinin bildirib: “Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.

    Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

    İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək”.

    Müraciət mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.

    Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

    Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.