Xaricə köçən milyonçuların sayına görə çinlilər liderdir
Bu barədə “Henley & Partners”in hesabatında qeyd olunub
Ötən il 13 min 800 çinli zəngin insan ölkəsini tərk edərək xaricə köçüb. Çinlilər xaricə köçən milyonçuların sayına görə liderdir.
Bu barədə “Henley & Partners” məsləhət şirkətinin var-dövlət miqrasiyasına dair hesabatında qeyd olunub. Xaricə köçən milyonçu çinlilərin əsas təyinat nöqtəsi ABŞ, Kanada və Sinqapurdur.
“Henley & Partners”in tədqiqatçısı Hanna Vayt bildirib ki, həm Çinin, həm də Hindistanın böyük iqtisadiyyatları ölkədə yeni milyonçuların yaranmasına səbəb olur. Nəticədə onların müəyyən hissəsi xaricə köçməyə üstünlük verir. Son illərdə Çində sərvət artımının yavaşladığını əlavə edən tədqiqatçı, bununla belə, çinli milyonçuların 2024-cü ildə də xaricə köçən zənginlərin sayına görə lider olmasının gözlənildiyini deyib. Şirkətin proqnozlarına görə 2024-cu ildə dünya üzrə 128 min milyonu xaricə köçəcək ki, onun da 15 mindən çoxunu çinlilər təşkil edəcək. Sonrakı yerləri Böyük Britaniya, Hindistan, Cənubi Koreya və Rusiya milyonçuları tutacaq.
Qeyd edək ki, ötən il ümumilikdə 123 min zəngin insan xaricə köçüb.