Xəzər dənizində suyun temperaturu artıb
Bu, ekosistemə, balıqlara, onların yaşadığı mühitə mənfi təsir göstərir
Son 10 ildə Xəzər dənizində suyun temperaturunda artım var. Ən isti temperatur 2021-ci ildə Cənubi Xəzərdə qeydə alınıb ki, həmin dövrdə suyun temperaturu 30 dərəcə isti təşkil edib. 2011-ci ilin məlumatı ilə müqayisədə bu xeyli artım deməkdir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.
"2021-ci ildə temperaturun artması nəticəsində oksigenin azalması müşahidə olunub. 2022 və 2023-cü illərdə isə oksigenin miqdarı norma daxilində olub.
Onu da qeyd edim ki, anomal istilər nəticəsində 2021-ci ildə Cənubi Xəzərdə yosunların çiçəkləməsi. yəni evtrofikasiya prosesi müşahidə edilib. Bu, ekosistemə, balıqlara, onların yaşadığı mühitə mənfi təsir göstərir. Suda həll olunan oksigenin azalmasına səbəb olur", - deyə E.Məmmədov qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bu kütləvi balıq ölümünə də gətirib çıxara bilər.