XƏBƏRLƏR / İctimaiyyət

XII Qlobal Bakı Forumunun üçüncü günü YENİLƏNİR

“Yeni dünya üçün yeni texnologiyalar"

XII Qlobal Bakı Forumunun üçüncü günü YENİLƏNİR
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 12:59

    Dünyada baş verən hər bir proses qadınlara təsir edir. Əgər nəyi isə təkmilləşdirmək istəyiriksə, qadınların dəstəyini almalıyıq.

    Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender-Təhlükəsizlik-İqlim Bağlantısı” adlı panel iclasında Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa səsləndirib.

    Müharibə və digər fəlakətlərin hər birinin qadınlara təsir etdiyini deyən sabiq Prezident qeyd edib ki, üstəlik, bu təsir qeyri-mütənasib şəkildə baş verir.

    O bildirib ki, dünyanın müəyyən bölgələrində coğrafi yerləşmə səbəbindən insanlar risk altında yaşayırlar. Lakin qadınlar bu risklərə daha çox məruz qalırlar. “Qida məhsullarının çatışmazlığı qadınlara daha çox təsir edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlar daha kasıbdır və onlar su çatışmazlığı kimi problemlərlə üzləşirlər. Bu sahədə çalışan qadınlar çox vaxt məcbur olub suya görə uzun məsafələr qət edirlər. Bu zaman isə daha böyük təhlükələrlə üz-üzə qalırlar”, - deyə o əlavə edib.

    Vike-Freyberqa vurğulayıb ki, bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır: “Cəmiyyətə izah etməliyik ki, bu, sadəcə şüar deyil – biz real təsirlərə nail olmaq üçün çalışırıq”.

    ***

    11:20

    Süni zəka cəmiyyət tərəfindən idarə olunmalıdır. Aydındır ki, o, müəyyən dairələrin əlindədir.

    Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar " adlı panel iclasında Yunanıstanın sabiq baş naziri Corc Papandreu deyib.

    Onun sözlərinə görə, texnologiya təhsil, iqlim dəyişikliyi kimi problemlər üçün yox, kütləvi qırğın silahlarının hazırlanması üçün daha çox istifadə olunur. Sabiq baş nazir bunun nəzarətdən kənarda qaldığını və süni zəkanın ABŞ və Çin kimi iri dövlətlərin əlində olduğunu bildirib.

    "Təhsildə, iqlim dəyişikliyində bu texnologiyalar çox vacibdir. Süni zəkanın demokratiya üçün neçə istifadə edilməsini düşünməliyik, çünki texnologiyalar bəşəriyyətə xidmət etməlidir", - deyə o, əlavə edib.

    Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev isə deyib ki, XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələrdəndir. "Düşünürəm ki, yeni texnologiyalar, həmçinin süni zəka (AI) elmə və insanlara xidmət etməli, bəşəriyyətə yalnız fayda verməlidir. Aparılan araşdırmaya əsasən, hazırda inkişaf etmiş ölkələrdə 62 faiz gənc süni zəkadan istifadə edir. Dünya şirkətlərinin 82 faizi süni zəkadan istifadə edəcəyini bəyan edib. Burada bu sahənin idarə olunması və ya idarə olunmaması, nəzarətə götürülməsi, riskləri və təhlükəsizlik kimi məsələlərin ortaya çıxdığını görürük. Çox şadam ki, Avropa İttifaqı bu məsələləri düşünür. Silikon Vadisində bir sıra böyük şirkətlər bu məsələləri darıxdırıcı hesab edir. Lakin biz texnologiyalardan etik şəkildə istifadəsinin tərəfdarıyıq. Buradan ABŞ-ın Prezidentinə müraciət edib deyirəm ki, gəlin, Avropa İttifaqının bu təşəbbüsünə və fəaliyyətinə qoşulun, bu sahədə bütün dünya üçün ümumi qaydalar yaradaq ki, rahat yaşayaq”, - deyə Rozen Plevneliyev əlavə edib.

    Beynəlxalq Telekomunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas bildirib: "Yeni texnologiyaların tətbiqi bizim üçün prioritetdir. Lakin onların yaratdığı təhlükələri aradan qaldırmaq üçün də çox çalışırıq.

    “Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir. İşçi heyətə gəldikdə, qadınlar onun yalnız 20 faizini təşkil edir. Bu müzakirələrə hazırlaşanda biz idarəçilik sahəsində və təhlükəsizlik baxımından hansı məsələlərin vacib olduğu barədə danışdıq. Məlum oldu ki, Afrikada emal mərkəzinə cəmi 2 faiz məlumat göndərilir. Qeyd etmək lazımdır ki, BMT bu sahədə müxtəlif təşəbbüslər irəli sürüb, bura təhlükəsizlik, monitorinq və digərləri daxildir. Ötən il biz BMT sistemində 50-dək mexanizm hazırlamışıq. UNESCO-nun hazırladığı Etik davranış mexanizmini də xüsusi vurğulamaq istərdim. Bu baxımdan, süni zəka ilə bağlı BMT-nin baş katibinin çağırışını xüsusi qeyd etmək istəyirəm.

    Düşünürəm ki, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlər yaradılmalı, qanunvercilik təkmilləşdirilməli, insanların bacarıqları inkişaf etdirilməlidir. Dünya ölkələrinin yalnız 5 faizinin süni zəka sahəsində bacarıqlı kadrları var. Biz süni zəka sahəsində bacarıqlı kadrların sayının artırılması üçün 100-dən çox ölkəni bir araya gətirib, qlobal tədris mərkəzləri yaratmışıq”, - deyə Tomas Lamanauskas əlavə edib.

    ***

    11:04

    XII Qlobal Bakı Forumunun üçüncü günündə “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclas işə başlayıb.

    Annenberq Siyasət Mərkəzinin eksperti Susan Nessin moderatorluğu ilə keçən paneldə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas, Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs, Yunanıstanın sabiq baş naziri (2009-2011) George Papandreu, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisinin informasiya texnologiyaları mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov mövzu ilə əlaqədar çıxış edəcək, müzakirələr aparılacaq.