XİN-in İsrail-İran qarşıdurması ilə bağlı bəyanatı
Nazirlik həm də İrana səfərdən çəkinməyə, İsraildə isə yüksək ehtiyatlılıq nümayiş etdirmə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat qəbul edib.
Bəyanatda deyilir:
"İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.
Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.
Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir".
Xarici İşlər Nazirliyinin (XİN) İranda olan Azərbaycan vətəndaşlarına müraciətində deyilir.
"Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
tehran@mission.mfa.gov.az
+98 905 523 01 07
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
tabriz@mission.mfa.gov.az
+98 901 414 31 57"
Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə də səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
"Hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
telaviv@mission.mfa.gov.az
+972 54 539 77 88", - müraciətdə deyilir.