Xiyabanda özlərini heyvan kimi aparan əcnəbilər saxlanıldı
Bir qrup əcnəbi vətəndaş Şəhidlər Xiyabanında istehza xarakterli videolar çəkərək internetdə yayımlayıb YENİLƏNİB

12:22
DİN-in Mətbuat Xidməti nalayiq hərəkətlər haqda rəsmi məlumat yaydı:
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətindən bildirildi ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
11:16
Bakıda bir qrup əcnəbi vətəndaş Şəhidlər Xiyabanında istehza xarakterli videolar çəkərək internetdə yayımlayıb.
Görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentini hiddətləndirib. İstifadəçilərin sözlərinə görə, videolar ərəb ölkələrindən gələn turistlər tərəfindən lentə alınıb.
Əcnəbilər polis tərəfindən saxlanılıb. Onların əməllərinə hüquqi qiymət veriləcək.