BLOQ

"Xoca" filmi Praqada

"Özümü günahkar bilirəm ki, xocalılılarımızdan bəhs edən yeganə bədii filmi 13 ildən sonra gördüm..."

"Xoca" filmi Praqada
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu gün Praqanın Staromiestskaya meydanında Xocalı faciəsi qurbanlarının xatirəsi anıldıqdan sonra Vahid Mustafayevin “Xoca” bədii filminə baxmaq üçün Azərbaycan Mədəniyyət Evinə getdik.

    Bunun güclü bir film olduğunu söyləməklə heç nə demək olmaz. Hərdən zalda hönkürtü eşidilirdi, film bitib işıqları yandıranda hamının, o cümlədən kişilərin gözləri yaşarmışdı...

    “Xoca” cəmiyyətin, ilk növbədə o illərin qanunsuz hakimiyyətlərinin üzünə vurulan şillədir.

    Xocalı kütləvi məzarlığa çevrilərkən, eyni ölkənin başqa bir guşəsində onun rəhbərləri toy edirdilər. Bəysiz...

    Bu toy absurddur, vəba zamanı ziyafət kimi, riyakarlıq, şəxsiyyətsizliq stolların üstündəki araq kimi axırdı... Gəlin toyda bəyi gözləyərkən o, Xocalıda idi, uşaqların donduğu, anaların ölmüş uşaqlarını sinəsində qucaqladığı, qocaların son xırıltıları eşidilən yerdə... Bu məmləkətin toyunda ziyafət edirdilər! Eşitmədilər! Xoşbəxtlikdən danışdılar, bir-birlərinə uzun ömür arzuladılar, Qarabağın şərəfinə tostlar qaldırdılar, Anjelaları ilə rəqs etdilər, cənnət bolluğundan həzz aldılar...

    Bütün bunlar isə öz ölkəsinin cəhənnəmdə olan 613 vətəndaşının sabahkı hüququndan məhrum edildiyi bir vaxtda idi...

    Rejissor çox dürüst və cəsarətlə göstərdi ki, Xocalıda baş verənlərə məhz sistem səbəb olub...

    Bütün aktyorlar gözəl oynayırdılar.

    Azər Aydəmirdən - Yuradan çox təsirləndim, onun prototipi deyəsən Yuri Kovalyov idi...

    Bu cəsarətli, heyrətamiz dərəcədə qüdrətli film yaradıcılığına görə filmin ssenari müəllifi, rejissoru və prodüseri Vahid Mustafayevə və bütün çəkiliş heyətinə dərin təşəkkürümü bildirirəm.

    Filmin Praqadakı Azərbaycan Mədəniyyət Evinin kinoklubunda izlənilməsi ilə bağlı müraciətimə dərhal cavab verdiyiniz üçün Vahid Mustafayevə təşəkkür edirəm.

    Altyazılarda göz yaşı tökən sözlərə görə də təşəkkür edirəm... “20 illik sükuta görə üzr istəyirik...”.
    Və özümü günahkar bilirəm ki, xocalılılarımızdan bəhs edən yeganə bədii filmi 13 ildən sonra gördüm...

    Yerləri behişt olsun! 

    Və torpaqlarımızı işğaldan azad edən, Qarabağ səmalarında sülh olması, şəhərlərin bərpası, qaçqınların öz torpaqlarına, ata-babalarının, nəsillərinin doğulub-vəfat etdiyi yerlərə qayıtması üçün düşmənlə savaşan döyüşçülərimiz, Prezidentimiz qarşısında baş əyirik...

    Leyla Bəyim

    Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri