XƏBƏRLƏR / İctimaiyyət

VII-ci çağırış MM-in ilk iclasında Prezident çıxış edib FOTO

İlham Əliyev çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb YENİLƏNİR

VII-ci çağırış MM-in ilk iclasında Prezident çıxış edib FOTO
  • Oxuma müddəti:

    13 dəqiqə

  • 14:35

    İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.

    Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

    Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib. “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.

    Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir.

    Bunu da İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

    “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq

    COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.

    Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlət başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

    ***

    13:15

    Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.

    Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.

    “Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

    Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.

    Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.

    Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.

    “Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”, - deyən dövlətimizin başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.

    Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.

    Bunu da Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib və yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaq”, - söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir.

    İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq.

    Ordumuzun döyüş qabiliyyətinin artdığını, texnika ilə təchizatın lazımi səviyyədə təmin edildiyini və ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.

    Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.

    Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

    Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır.

    Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.

    Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib.

    Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

    Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib: “Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”. Dövlətimizin başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

    Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir.

    Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.

    ***

    12:30

    Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb.

    Dövlət başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

    Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

    İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

    Otuz ilin işğalının arxada qaldığını bildirən dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb. “Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, - deyə Prezident qeyd edib.

    ***

    11:08

    Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

    Dövlət başçısı nitq söyləyib.