Yeni hava peyki iqlim fəlakətlərini daha operativ çatdıracaq
Avropa hava peyklərinin yeni üçüncü nəsil sistemi birlikdə işləyən üç kosmik aparatdan ibarət olacaq
Avropanın yeni hava peyki “Meteosat-12” planetdə iqlim hərəkətləri üzrə ilk fotoşəkilləri Yerə göndərib. Ekvatordan 36 min kilometr yüksəklikdə yerləşən bu kosmik aparat ötən ilin dekabrında orbitə buraxılıb və hazırda bu ilin qalan hissəsində davam edəcək sınaq mərhələsindədir.
Xarici KİV-lər xəbər verir ki, “Meteosat-12”nin məlumatlarının meteoroloji agentliklərə ötürülməsi zamanı havanın proqnozlaşdırması prosesində addım-addım dəyişikliyə nail olunacaq. Peyk yaxınlaşan təhlükəli vəziyyətlər barədə daha mükəmməl xəbərdarlıq edəcək. "Nowcasting" adlanan bir sistem şiddətli küləklərin, ildırımların, doluların və ya güclü leysanların müəyyən bir ərazini vurmaq üzrə olduğunu daha əminliklə söyləmək bacarığına malikdir.
Bu irəliləyişin bir hissəsi “Meteosat-12”nin artan imkanları ilə əlaqəlidir. Belə ki, əvvəlki nəsil peyklər üçün fırtınadakı bir xüsusiyyətin aşkarlanması ən azı 1 kilometr genişlikdə olmalıdır. Yeni kosmik aparat diametri 500 metrə qədər olan iqlim prosesini də izləyəcək.
Avropanın hava peyklərini idarə edən hökumətlərarası agentlik olan “Eumetsat”ın mütəxəssisi Coçen Qrandell bildirib ki, indi peykin vasitəsilə hava cərəyanlarını çox mükəmməl görmək mümkündür. "Ola bilsin ki, siz, məsələn, tufan buludunun inkişafının bir hissəsi olan çox güclü yuxarı və aşağı hava axınını müşahidə edirsiniz. Bu axın çox sürətlə dəyişir və çox kiçikdir. Lakin çox sürətli olan tufan buludunun hərəkətini daha aydın izləmək mümkün olacaq”, -deyə o qeyd edib.
Avropa hava peyklərinin yeni üçüncü nəsil sistemi birlikdə işləyən üç kosmik aparatdan ibarət olacaq. İkinci peyk 2026-cı ildə buraxılacaq. Daha sürətli - hər 2,5 dəqiqədən bir görüntü göndərəcək bu aparat sadəcə Avropanın şəkillərini əldə etmək üçündür. Bundan əvvəl, 2024-cü ildə atmosferdən temperatur və rütubət nümunəsi götürmək üçün "səs verən" kosmik aparat fəzaya göndəriləcək. Layihənin ümumi dəyəri təqribən 4,3 milyard avrodur.