XƏBƏRLƏR / Münaqişə

Yeni münaqişə: ABŞ və Britaniya Yəmənə hücum etdi

Əməliyyat husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsinə cavab olaraq keçirilir

Yeni münaqişə: ABŞ və Britaniya Yəmənə hücum etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ və Britaniya Yəməndə İran tərəfindən dəstəklənən husi qiyamçılarına qarşı əməliyyata başlayıb.

    Qiyamçıların hərbi hədəflərinə havadan və dənizdən zərbələr endirilib.

    Əməliyyat husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsinə cavab olaraq keçirilir. Qiyamçılar deyirlər ki, onların Qırmızı dənizdəki hücumları HƏMAS-a dəstək nümayişidir.

    Yəməndəki jurnalistlər ölkə ərazisində partlayışların olduğunu təsdiqləyiblər. ABŞ prezidenti Co Bayden lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəklərini bildirib. 

    "Bu hədəflənmiş zərbələr ABŞ və tərəfdaşlarımızın şəxsi heyətimizə qarşı hücumlara dözməyəcəyinə və ya düşmən tərəflərin naviqasiya azadlığını təhlükə altına qoymasına icazə verməyəcəyinə dair açıq mesajdır", - Bayden belə deyir.

    Britaniyanın Müdafiə Nazirliyi isə açıqlamasında bildirib ki, əsas məqsəd husilərin ticarət gəmilərini təhdid etmək qabiliyyətinə zərbə vurmaqdır.

    ABŞ müdafiə naziri Lloyd Ostin husilərin pilotsuz təyyarə, ballistik və qanadlı raketlər, sahil radarı və hava nəzarəti imkanlarının hədəfə alındığını qeyd edib.

    Husilər paytaxt Səada və Dhamar şəhərlərində, Hudeydə əyalətində "basqınlar" keçirildiyini bildirib və bu hücumları "Amerika-Sionist-İngilis təcavüzü" adlandırıb.

    "Reuters" bildirir ki, Səna hava limanına bitişik hərbi baza, Taiz hava limanı yaxınlığındakı hərbi obyekt, Hudeydədəki dəniz bazası və Həccə əyalətindəki hərbi obyektlərə zərbələr endirilib.

    ABŞ Avstraliya, Bəhreyn, Kanada və Niderlandın əməliyyatı dəstəklədiyini bildirin. Səudiyyə Ərəbistanı təmkinli olmağa və "eskalasiyanın qarşısını almağa" çağırıb.

    Zərbələr təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirilib.ABŞ rəsmisi ondan çox məntəqənin hədəf alındığını və zərbələrin simvolik olmadığını bildirib. O, əməliyyatın jusilərin hərbi imkanlarını zəiflətmək məqsədi daşıdığını söyləyib.

    Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.

    Bu barədə “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.

    "Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", – deyə o qeyd edib. O, həmçinin “Ənsar Allah” tərəfdarlarını "çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə" davam etməyə çağırıb.