BLOQ

Yenidən əkinçi olmalıyıq!

Jurnalistikamızı ot-ələf basıb...

Yenidən əkinçi olmalıyıq!
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Bir neçə ildir DİM imtahan komissiyası jurnalistika ixtisası üzrə imtahan verənlərin yazılarını yoxlamaq üçün bizi imtahan komissiyasına dəvət edir. Biz də böyük məmuniyyətlə bu dəvəti qəbul edib gedirik. Ötən il jurnalistika fakültəsinə sənəd verənlərin əksəriyyəti "Jurnalist binasından ev almaq istəyirik" arzusunu dilə gətirmişdilər.

    Daha bilmirlər ki, əslində jurnalist olmaq üçün insanın fəhmi, ilahi vergisi və yaza bilən qələmi olmalıdır. Jurnalistin məqsədi yazmaq və ayna kimi göstərməkdir. Nə yazıqlar olsun ki, bu gün bizim çoxumuzun yerini tutan psevdo jurnalistciklər sayta 30 informasiya yerləşdirməklə qeydiyyatdan keçib MEDİA-nın tamhüquqlu mənsubu ola bilirlər, onların çoxu heç öz tərcümeyi-halını yaza bilmir. Aralarında elə sayt rəhbərləri, bizim şərəfli adımızı şərəfsizcəsinə daşıyanlar var ki, yumurta-toyuq davası edirlər. Hər hansı bir broyler fabrikində fabrikin direktoru bir "zurnaçı troll"ciyəzə 1 qutu və iki toyuq verirsə, digərinə 4 toyuq, iki qutu yumurta verirsə, bax onda bu iki nəfərin arasında intriqa başlayır... "A... necə yəni, sənə məndən çox toyuq verib... Yaxşı... bundan sonra görsün ki, onun başına nə oyun açacağam...". Onların arasında bir tort, bir dəstə gül davası edənlər də var... Nə yazıqlar olsun ki, bu qızrmızı qeydiyyata düşən "troll paçalar" ucbatından əsil jurnalistlər qalır kənarda və onlar bizə meydan sulayır. Bir ilə bahalı maşın alıb sürürlər... O qədər oyunlardan çıxırlar ki, hətta MEDİA rəhbərini belə şantaj-montaj etməyə gücləri çatır... Hay-haray, hop-stop...

    Jurnalist olmaq istəyən abituriyentlərin inşa yazılarını oxuyanda onların yazdıqlarından necə jurnalist ola biləcəkləri bəllidir. Necə deyərlər, "Ət yeyən quş dimdiyindən məlumdur". Şəxsən mən belələrinin heç birinə yüksək bal yazmamışam.

    08 avqust 2023-cü ildə isə 15 yazı oxudum. Və oxuduğum birinci yazı məni titrətdi: Mövzu:"Uğurlu insan olmaq nə deməkdir?" . Bu mövzudakı yazının müəllifinin bəzi seçmələrini yazıram:

    1.“Bir uğur əldə etmək yoluna girəndə çəkinmə. Uğurlu insanlar da güclü insanlardırlar, amma məğlubiyyət qəbul etmədiyi müddətdə”.

    2.“Həyatda özünə etdiyin ən böyük yaxşılıqlarındır sənin uğurların”.

    3.“Hər şey beyində başlayır, beyində də bitir”.

    Bu mövzunu yazanın oğlan və ya qız, neçə yaşında olmasını bilməsəm də, iki səhifə yarım yazısında 5-6 dənə belə uğurlu cümlə var idi. Yazı tərzi də bişmiş bir qələmi olan gənc juranlisti xatırladırdı.

    Daha bir yazı babat idi. Yönləndirən olarsa, ondan jurnalist ola bilərdi. Verilən digər mövzularda yazılan qalan 13 yazı isə bərbad idi.

    Bu abituriyentlər ədat, isim, feil, heç bir qrammatik qayda tanımırlar, onların heç birinin mütaliəsi yoxdur. Görün abituriyentin biri nə yazıb:

    “Bir insan bu dünyada yaşayırsa, bu insanın mütləq bir işi düz gətirməyə bilər, bu o demək deyil ki, demək həyat bitti, və yaxud da bu həyata əlvida. Umummiyyətlə, heç bir canlı bu ifadəni işlətməməlidir...”.
    "həyat bitti", "umummiyyətlə" , "heç bir canlı bu ifadəni işlətməməlidir"... belə səhvlər o yazılarda o qədər çox idi ki... Ədəbiyyat, jurnalistika fakültəsinə imtahan verənlər -da, -də, -ki bağlayıcılarını, şəkilçilərin işlədiləcək yerlərini bilmirlər. Absaz tanımırlar.

    Bu bədbəxtlikdir, bu faciədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, niyə məktəblərdə uşaqları ədəbiyyat kitabları ilə yükləmirsiniz, niyə bu uşaqlar oxumağı və yazmağı bacarmırlar? Belə deyirlər ki, məktəblərdə inşa və ifadə yazmaq, yoxlama işi yazmaq proqramdan çıxarılıb? Bu nə fəlakətdir? Niyə bu uşaqları bədbəxt edirsiniz? Axı dərindən yazıb-oxumağı bacarmayan bu yetirmələriniz sonra bu dövlətdə məmur, nazir olurlar. Əksər hallarda da belə oxumağı-yazmağı bacarmayanlar gəlib yüksək kreslolarda otururlar.

    Cənab Prezident İlham Əliyev! Təhsilimiz, elmimiz batır. Məktəblər bazara çevrilib. Hər şey pulla ölçülür. 9-cu sinifdən sonra uşaqlar məktəbə deyil, ayrıca repetitor yanına gedirlər. Bunun müqabilində isə hər ay məktəb direktorlarına "yerpulu" ödəyirlər. Bu "yerpulu"ların hesabı isə sonra rayon və şəhər təhsil şöbələrində, sonda isə Təhsil Nazirliyindəki kabinetlərdə hesablanır. Valideyn həm repetitora, həm də sinifdə partası boş qaldığına görə direktora aylıq pul ödəmək məcburiyyətindədir.

    Ötən il Bakı Şəhər Təhsil İdarəsinin bir qrup direktor və müəllim heyəti Finlandiyaya təhsil təcrübəsini öyrənməyə getmişdilər. Oradan qayıdandan sonra gördükləri nəyi tətbiq etdilər? Əksinə, məktəblərin qiymətləri qalxdı...
    Dünyanın heç bir yerində imtahanlarda tələbələr, dövlət imtahanı verənlər Azərbaycandakı kimi əziyyət çəkmir. Bizdə imtahan verib iş axtaranları İsa peyğəmbər kimi çarmıxa çəkirlər.
    Lap elə götürək juranlist olmaq istəyənlərə verilən bu dəfə lototrondan çıxan mövzular. O nə mövzudur ki? Jurnalist olmaq istəyənlərin də hamısı ağıllarına gələni yazıb vərəqləri mənasız sözlərlə doldurmuşdular.
    Bizə dünyanın inkişaf etmiş ölkələrində, Finlandiyada, lap elə yaxınlığımızda olan Qazaxıstandakı təhsil sistemini gətirin. Bizim uşaqlara kitab oxutmalıyıq. Kitab, ədəbiyyat oxumayan insan cəmiyyətdə formalaşa bilmir. Yalnız tik-tokun, instaqramın əsiri olub qalır.

    Təhsilimiz xəstədirsə, millətimiz, dövlətimiz xəstədir. Bu reanimasiyadan təhsilimizi xilas edək!
    O ki qaldı jurnalistikamıza, qəzetçiliyimizə... İnanıram ki, jurnalistikamızı bu ağlamalı günə qoyanları nə vaxtsa bir ələkdən keçirən tapılacaq. Ələyin altına gedənləri deyil, üstündə qalanları götürək. Çünki jurnalistikamızı ot-ələf basıb. Biz yenidən yer belləyib, torpaq şumlayıb jurnalistikamız üçün əkinçilik etməliyik, toxum səpməliyik.

    Nə olar, jurnalistikamızı onun dəyərini bilənlərə verin, "kopi-past" edənlərə deyil, araşdırma aparanlara yol verin, meydan verin. Məmuru 4-cü hakimiyyətdən üstün tutmayın!