Zaxarovanın Azərbaycan Prokurorluğuna ikibaşlı cavabı
Məlumat Rusiya XİN-in rəsmi saytında verilib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarının axtarışa verilməsi ilə bağlı sualı cavablanırıb:
"Sual: Azərbaycan hakimiyyətinin üç rusiyalı jurnalisti - İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevi axtarışa verməsini necə şərh edərdiniz? Onlar Respublikanın konstitusiya quruluşunu zorla devirməyə çağırmaqda və ölkənin ərazi bütövlüyünü pozmaqda ittiham olunurlar.
Cavab: Biz bundan xəbərdarıq. Bu şəxslərin verdiyi açıqlamalar heç bir şəkildə Moskvanın Azərbaycana və ya Respublika ilə münasibətlərinə yanaşmasını əks etdirmir. Biz inanırıq ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 22 fevral 2022-ci ildə Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsi əsasında inkişaf etməlidir.
Eyni zamanda, zərurət yarandıqda, Azərbaycan Baş Prokurorluğunun onları beynəlxalq axtarışa vermək qərarı kontekstində vətəndaşlarımızın qanuni hüquq və mənafelərinin qorunmasını təmin edəcəyik.
Eyni zamanda, qeyd etməliyəm ki, Rusiyaya qarşı düşmənçilik xarakterli narrativlər Azərbaycanın informasiya məkanında daim mövcuddur. Biz dəfələrlə azərbaycanlı həmkarlarımıza ixtisaslaşmış məsləhətləşmələr zamanı informasiya mühitinin yaxşılaşdırılması yollarını sakitcə, siyasiləşmədən və mediada ajiotaj olmadan müzakirə etməyi təklif etmişik. Ümid edirik ki, belə bir dialoq baş tutacaq".
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğunun avqustun 17-də yaydığı məlumata əsasən, istintaqla müəyyən olunub ki, Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 2026-cı il iyulun 14-də “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, həmin şəxslər 2026-cı il avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
4 dəqiqə