Zəngəzur dəhlizi 2028-ci ilə qədər tamamlana bilər
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bəyan edib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizinin reallaşdırılması üzrə işlərin 2028-ci ilə qədər tamamlanacağına ümid etdiyini bildirib. O, bu barədə "Tvnet"ə müsahibəsində danışıb.
O, Zəngəzur dəhlizinin Türkiyə üçün mühüm layihə olduğunu, ölkənin türk dünyası ölkələri ilə birbaşa quru əlaqəsini təmin edəcəyini xatırladıb. Uraloğlu vurğulayıb ki, son vaxtlar bu layihədə iştirakla bağlı Ermənistandan da müsbət mesajlar gəlir. “Marşrutun 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir. Onlar da öz növbəsində planlaşdırma və tenderlərlə bağlı prosesləri yekunlaşdırmalıdırlar”, - deyə “Report” onun sözlərini sitat gətirib.
Uraloğlu İranın da Zəngəzur dəhlizi layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb.
Türkiyə İranla danışıqları davam etdirir. Zəngəzur dəhlizi Türkiyə üçün önəmlidir. Biz İranın bu layihəyə qoşulmasına kömək edə bilərik.
Nazir xatırladıb ki, Türkiyə marşrutun öz ərazisindən keçən 224 kilometrlik hissəsində müvafiq infrastrukturun qurulması istiqamətində işləri davam etdirir. “İşlərin yaxın 5 ildə başa çatdırılması planlaşdırılır. Beləliklə, Zəngəzur dəhlizi layihəsi 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər”.