BLOQ

Bakıda Təzəpir və Göy məscidi inşa edən ilk memarımız

Azərbaycanın ilk ali təhsilli memarı, rus-erməni mənəvi terroru nəticəsində özünə qəsd etmiş Zivər bəy Əhmədbəyovu anırıq...

Bakıda Təzəpir və Göy məscidi inşa edən ilk memarımız
Zivər bəy Əhmədbəyov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Azərbaycanın ilk ali təhsilli memarı, rus-erməni mənəvi terroru nəticəsində özünə qəsd etmiş Zivər bəy Əhmədbəyovun vəfat etdiyi gündür. Zivər bəy Əhmədbəyov 1902-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirib.

    Bakı şəhərində Təzəpir, Göy məscidi, Əmircan kənd məscidi və Şamaxı şəhərində isə VIII əsrə aid qədim Cümə məscidinin yenidən inşasını və digər möhtəşəm memarlıq abidələrinin müəllifi məhz Zivər bəy Əhmədbəyovdur.

    Görkəmli memar Azərbaycan Xalq Cumhuriyyəti dövründə Bakının baş memarı vəzifəsində çalışmışdır. Zivər bəy Əhmədbəyov Bakı şəhərinin daşnak-bolşevik qəsbindən azad olunması (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdır. Memar Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə etmişdir.

    Əsrin əvvələrində rus-erməni fitnəsi ilə Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti həyata keçirilirdi. Bu, Zivər bəydən də yan keçmədi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər tərrəfindən daimi təqiblərə məruz qalmışdır. Şaumyanın Azərbaycana rəhbərlik etməsinə dəfələrlə etiraz etmişdir. Ona qarşı aparılan təqiblərdən canını qurtarmaq üçün Zivər bəy Əhmədbəyov 1925-ci ilin 16 fevrel tarixində Çəmbərkənddə yerləşən evində 52 yaşında özünə qəsd etmişdir.

    təzə pir

    Faciəli ölümündən sonra Zivər bəy Çəmbərəkənddə evinin yanında dəfn olunmuşdur. Tale elə gətirir ki, Zivər bəyin məzarı da rahatlıq tapmır. 1931-cu ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbirstanlığı dağıdılır. Məzarların üstündə park tikilərək Kirovun nəhəng heykəli ucaldılır. Zivər bəyin məzarı başqa yerə köçürülsə də, tezliklə o yerdə də Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbiristanlıq dağıdılır. Bununla da möhtəşəm memarlıq abidələrin müəllifi, görkəmli memar Zivər bəy Əhmədbəyovun məzarı itərək, torpağa qarışır.

    Qeyd: Zivər bəy Əhmədbəyovun müəllifi olduğu bir sıra memarlıq abidələri Kompleksin muzeyində nümayiş olunur.