11 rus narkotaciri azərbaycanlılara dəyişdirilə bilərmi?
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin sualdan yayınmağa məcbur olub
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi xüsusi müsahibədə bildirib ki, Moskva 2025-ci ilin yayında Azərbaycanda həbs olunmuş 11 rusiyalını tezliklə azad etməyə ümid edir. Diplomatın sözlərinə görə, bu məsələ Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı da qaldırılacaq və səfərin vaxtı "hələ də müəyyən edilir".
"Əlbəttə ki, ötən ilin 30 iyun - 1 iyul tarixlərində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsi məsələsini qaldıracağıq. Bu məsələ Rusiya və Azərbaycanın müvafiq qurumları tərəfindən müzakirə olunur və vətəndaşlarımızın tezliklə azadlığa buraxılmasını gözləyirik", - Mixail Qaluzin RTVI-yə bildirib.
Müxbirin "Bu 11 nəfər Yekaterinburqda tutulan azərbaycanlılara dəyişdirilə bilərmi, yoxsa onlar Rusiya vətəndaşlarıdır?" sualına Qaluzin yenidən "Məsələ Rusiya və Azərbaycanın müvafiq qurumları tərəfindən müzakirə olunur və vətəndaşlarımızın tezliklə azadlığa buraxılmasını gözləyirik" cavabını verib.
1 dəqiqə