XƏBƏRLƏR / Qonşular

115 min nəfər dağıntılar altından sağ çıxarılıb

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirdiyi mətbuat konfransında bildirib

115 min nəfər dağıntılar altından sağ çıxarılıb
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Zəlzələ bölgəsində 115 min nəfər dağıntılar altından sağ çıxarılıb, 44 374 nəfər ölüb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, zərzələnin dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk günlər Adıyamanda müvafiq tədbirlər görülə bilməyib. Ərdoğan buna görə Adıyaman sakinlərindən halallıq istəyib.

    "Adıyamanda, başda millət vəkilimiz Yakup Taşın olmaqla, əksəriyyəti şəhər mərkəzində olan 6 min 13 vətəndaşımız həyatını itirdi. 17 min 499 vətəndaşımız yaralanıb. Həyatını itirən hər bir vətəndaşımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı, müalicəsi davam edən yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

    Zəlzələdən sonra 62 min 500 Adıyaman sakini hava və quru yolu ilə yarısı İstanbul olmaqla digər şəhərlərə təxliyə edilib. Öz imkanları ilə başqa yerlərə gedənlərə hər cür rahatlığı təmin etmişik. Şəhərimizdəki axtarış-xilasetmə və yardım işlərində jandarma, polis, hərbçi, səhiyyə işçiləri, könüllülər, meşəçilik qrupları ilə 23 mindən çox heyət çalışıb. Görülən işlərə görə şəhərimizə 1500-dən çox tikinti texnikası ayrılıb. Zəlzələnin baş verdiyi ilk andan bu günə kimi ictimai personalı, qeyri-hökumət təşkilatlarının üzvləri, könüllülər və xarici axtarış-xilasetmə qrupları ilə xalqımızla birgə çalışan hər kəsə öz adımdan və millətim adından təşəkkürümü bildirirəm. Bizə göndərdikləri maddi və pul yardımlarından başqa ürəklərini açan, duaları ilə bizə dəstək olan, prezidentdən tutmuş fərdi şəxslərə qədər, bütün dostlarımıza təşəkkür edirəm. Yaşadığımız çətin günlərdə səmimi qəlbdən yanımızda olan hər kəsi unutmayacağıq, onları hər zaman qəlbimizin, xatirəmizin ən şərəfli yerlərində saxlayacağıq.

    Bütün zəlzələ bölgəsindəki 185 min 345 binada 553 min 415 müstəqil hissənin dağıdıldığı, dərhal sökülməsi və ciddi ziyan gördüyü bəlli olub. Adıyamanda 24 497 binada 64 349 müstəqil hissənin dağıdıldığı, dərhal sökülməsi və ciddi ziyan gördüyü müəyyən edilib. Axtarış-xilasetmə işlərinin başa çatması ilə dağıntıların çıxarılması işləri sürətlənib. Eynilə, zərərin qiymətləndirilməsi prosedurları tamamlanmaq üzrədir. İlk günlərdən bəri qurulan çadır şəhərciklərdə, təxminən, 4600 çadırda 14 minə yaxın vətəndaş həyatını davam etdirir. Bundan əlavə, 44 mindən çox vətəndaşa evlərinə yaxın qalmaları üçün çadır payladıq. Milli Təhsil Nazirliyinə bağlı yataqxana və məktəblərimizdə, təxminən, 4 min insan yaşayır. Konteynerlərdən və prefabrik konstruksiyalardan ibarət müvəqqəti yerləşdirmə mərkəzlərinin quraşdırılmasına da başlamışıq.

    Adıyamanda 16 minə yaxın konteyner qurmağı planlaşdırırıq. İlk konteyner qəsəbələrinin fəaliyyətə başladığını görürük. İnşallah, qısa müddətdə vətəndaşlarımızı nisbətən daha yaxşı şəraiti olan konteyner və prefabrik sahələrə gətirəcəyik. Adıyamandan olan 70.000 qardaşımızın heç birinin konteyner və ya kirayə yardımı üçün əziyyət çəkməsinə icazə verməyəcəyik. Kirayə yardımının aşağı məbləğini 2 min lirədən 3 min lirəyə qaldırdıq. Bundan əlavə, heç bir ayrı-seçkilik etmədən hər kəsə 15 min lirə nəqliyyat yardımı edirik. Zəlzələdə dünyasını dəyişən vətəndaşlarımızın yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə də veririk.

    Fəlakətdən zərər çəkən vətəndaşlarımıza hər birinə 10 min lirə ödəyirik. Ölkə üzrə ödəniş edilənlərin sayı 1 milyona yaxınlaşıb. Adıyamanın müxtəlif bölgələrində açılan sosial marketlər zəlzələ qurbanlarımızın ehtiyaclarını qarşılamaq üçün xidmət göstərir. Odun və kömür yardımı davam edir. Tövlələri dağılan, heyvanları tələf olan fermerlərimizi unutmuruq. Biz yem dəstəyindən tutmuş, itkin heyvanların əvəzlənməsinə qədər hər sahədə fermerlərimizin yanındayıq.

    Zəlzələ zonası boyu yerüstü tədqiqatlar tamamlandıqdan sonra tikinti mərhələsinə çatan yaşayış evlərinin sayı 309 minə çatıb.

    Adıyamanda, təxminən, 50 min ev tikəcəyik. Geoloji kəşfiyyat işləri bitən yerlərdə dərhal qazıb tikintiyə başlayırıq.

    Min illərlə sivilizasiyalara ev sahibliyi edən, minilliklər boyu qardaşlıq şəraitində yaşadığımız şəhərlərimizdəki struktur dəyişikliklərinə göz yuma bilmərik.

    Şəhərinizi qoruyun, ata-baba yurdunuzu həmişəlik tərk etməyin. Hər sökülən evə daha yaxşı, daha gözəl, təhlükəsiz və yeni ev tikib verəcəyik. Millətimə söz verirəm ki, bir il ərzində zəlzələnin yaralarını böyük ölçüdə sağaldacağıq".

    Daha sonra Türkiyə Prezidenti Ərdoğan və MHP sədri Dövlət Bahçeli Adıyamanın Gölbaşı rayonundakı çadır şəhərciyi ziyarət ediblər. Ərdoğan zəlzələ qurbanlarının ailələri ilə söhbət edib.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.