124 min peyğəmbərin sırasında Zərdüştün yeri, sözsüz ki, siyahıda ən yuxarı sətirlərdədir. Adı daha çox müqəddəs Avesta kitabı ilə qoşa, sinxron çəkilsə də, Zərdüştün irsi təkcə elə bu kitabla məhdudlaşmır. Zəngin mirasına, həm də onun hazırladığı çox dəqiq astroloji təqvim də daxildir.
***
Orta əsr ərəb məxəzləri Zərdüştün mənşəyi, doğum yeri barədə tərəddüd etmədən eyni fikri bölüşürlər - o, Azərbaycanda dünyaya göz açıb. Əl-Biruni də bu fikirdədir, əl-Bəlazuri, əl-Qəzvini, əl Həməvi də. Avestanın ən qədim parçası sayılan "Qat”larda deyilir ki, Zərdüşt Turan tayfaları ərazisində doğulub. Sonradan vətənini tərk edərək Viştasp adlı bir hökmdarın məmləkətinə sığınıb. Uzun zaman onun himayəsi altında fəaliyyət göstərib.
Beləliklə, ulu Zərdüşt məhz Azərbaycan peyğəmbəridir. Yəni belə deyək - Azərbaycan da peyğəmbərlər ölkəsi sayıla bilər. Peyğəmbərlər isə bildiyimiz kimi, heç vaxt öz vətənlərində qəbul edilmirlər. Bu acı tale Zərdüştü də təqib edir. 30 yaşında Zərdüşt bir sıra silahdaşlarının əhatəsində (onların sırasında qadınlar da varmış) Eran-Vedjo adlı müqəddəs bir şəhərə yollanır.
Həmin şəhər vaxtilə əfsanəvi Cəmşid tərəfindən xüsusi plan əsasında inşa edilibmiş. Soyuq qış şaxtalarından qorunmaq naminə ən nümunəvi insanlar, heyvanlar, bitki növləri və sair və ilaxır məhz bu uzaq ünvanda qorunub saxlanırmış. İndiki dillə desək, görünür, bura bir növ buğda, cins, toxumluq, damazlıq mərkəziymiş. Orda, güman ki, həm də öz dövrü üçün ən mükəmməl rəsədxana da yerləşirmiş.
Zərdüşt peyğəmbər məhz həmin rəsədxanadan istifadə edərək öz mükəmməl astroloji təqvimini hazırlayır. Uzun illər sürən araşdırmalardan sonra alimlər həmin bu rəsədxananı indiki Rusiyanın Çelyabinsk vilayətində, Arkaim şəhərciyində aşkarlayırlar.
Şəhər çox qəribə plan əsasında tikilib. Əslində bu, dairəvi Günəş şəhəri, canlı rəsədxanadır. Günəşin səmadakı səyahəti, bu şəhərin quruluşunda dəqiq ölçülərlə təkrarlanır - millimetrlərə qədər. Burda şəhərlə rəsədxana arasında fərq itir.
Belə mükəmməl dairəvi sxemləri, naxışları, gəlin, insan əməyinin məhsulu bilməyək. Adətən yaz, yay aylarında bu cür düzənlik ərazilərdə səhər vaxtları "kürəvi ildırım” adlanan möcüzəli təbiət fenomeni hərəkət edir. Torpaq, yaxud taxıl, əkin zəmiləri üzərində mükəmməl naxışlar həkk edir. Nəinki Zərdüşt zamanları, elə indi də oxşar naxışlar, bir də görürsən, hansısa bir əkin sahəsi üzərində aşkarlanır. Başlayır camaat arasında min-bir şayiə yaratmağa. Həmin dairələrin ortasındakı buğda sümbülünün keyfiyyəti həmişə kənardakılardan üstün olur. Alimlər bunu təbii seleksiya nümunəsi bilirlər.
Belə naxışların biri üzərində əfsanəvi şah Cəmşid, bayaq adını çəkdiyimiz günəş şəhərini - Arkaimi inşa edir. Bu cür şəhərlərə qədimdə Təxti-Cəmşid deyərmişlər. Şəhər, göydəki günəşin hərəkət trayektoriyasını özündə tam əks etdiyindən əsl rəsədxana imiş.
Belə dairəvi Günəş şəhərləri o vaxtkı Orta Asiya, Güney Ural ərazisində bir deyil, iki deyildi. Qədim türklər bu cür dairəvi şəhərlərə "qazan” deyərlərmiş. İndiki Tatarıstanın paytaxtı Qazan şəhərinin adı da məhz həmin sirlə əlaqədardır. Dövrün bir çox alimləri, o cümlədən, ulu Zərdüşt, məhz bu cür oxşar ünvanlarda göy cisimlərini müşahidə edirdilər. Bütün bunların son nəticəsi kimi, ortaya Zərdüşt təqvimi çıxır.
***
Zərdüştlüklə bağlı olan nə varsa, indi xalqımızın alt şüuruna hopub. Yəni biz indi, bu gün nə Avestaya bələdik, nə də ki, qədim zərdüştlük ayinlərinə. Ancaq Zərdüşt təqvimindən indi də istifadə edirik. Xüsusən Novruz bayramının dəqiq vaxtını təyin edərkən, məhz bu təqvimdən yararlanırıq.
Heyf, biz bu mükəmməl təqvimi, deyəsən, azca unutmuşuq. Halbuki öncəgörmələr baxımından həmin təqvimin tayı-bərabəri yoxdur. Müasir Rusiyanın bir nömrəli münəccimi sayılan aysor mənşəli Pavel Qloba gələcək barədə öz proqnozlarını məhz bu təqvimə əsaslanaraq irəli sürür. İndi Rusiyada elə bir sanballı mətbuat orqanı yoxdur ki, orda Pavel Qlobanın astroloji proqnozları verilməsin.
Bu təqvim 32 ili əhatə edən xüsusi qərinələrə bölünür. Hər il bir heyvanın xassələrini özündə cəmləyir. Gələn il martın 21-dən etibarən Qu quşu ili başlayır. Gəlin görək, qu quşu bu təqvimdə hansı dəyərlərin daşıyıcısıdır?
Qu qu, əvvəla zahiddir. Təkliyə meyillidir. Ağzıdualıdır. İbadətdədir, meditatsiyadadır. Hədəfləri ülvi hisslərdir. Maddiyyatçı deyil. Ruhi müstəvidə qərar tutub. 1928,1960,1992, 2024-cü illər Zərdüşt təqvimində Qu Quşu ili kimi tanınır. Ümumiləşdirsək, “Keçid ili” məzmunludurlar. SSRİ-də yeni iqtisadi siyasət (NEP), Kosmos salnaməsi, iqtisadi liberalizm modelləri məhz bu illərdə özünü təsdiqləyib.
Oxşar yeniliklər 2024-cü ildə də özünü göstərəcək. Şəxsi manafe hissləri Qu quşu ilində arzuolunmazdır. Eqo, eqoizm daşıyıcılarını bu il bu ilahi Qu quşu sevməyəcək. Başlarına min oyun açacaq.
Zərdüşt təqvimində hər bir rəmzin tam tərs qarşılığı da mövcuddur. Yəni sən əgər Qu quşu ilində bu rəmzin qanunları ilə yaşamasan, özündən küs. Bil ki, belə halda əks rəmzin – Ördək rəmzinin təsiri altında yaşamağa məhkumsan. Düşdünmü bu rəmzin ağır çəkisi altına, evsiz-eşiksiz qalıb künc-bucaqlarda, təbiət qoynunda çürüyəcəksən. Sizə ördək taleyi arzulamazdım.
***
1992-ci ildə MDB ölkələri dünya siyasi meydanına, BMT səhnəsinə atıldılar. Proses özünün 32 ilini yaşadı. Aradan bir qərinə vaxt ötdü. Kosmik təkər geri hərlənəcək indi? Proses tərsinə axacaq?
Zərdüşt təqvimini izləyək. "Qu quşu" baletinə baxaq.
Moskvanın Böyük Teatr səhnəsi bu baletin yeni tamaşasını hazırlasın. Yoxsa, məlum süjet, teatr səhnəsindən qopub realllıqda öz həllini tapa bilər.
***
İlin sonunda adətdir, Rusiya mətbuatının baş münəccimi, məşhur astroloq Pavel Qloba bizim Novruz təqviminə söykənən növbəti ənənəvi öncəgörmələrini elan edir. Rusiya mətbuatının paylaşdığı yüksək tirajlı bu astroloji proqnozları oxusan, elə bilərsən Pavel Qloba "Sehirli xalat” filmindəki saqqalı seyrək münəccimlə eyni bezin qırağıdır. Filmdəki "Qüdrətli Kreml sahibləri! Göyün yeddinci qatında Çəyvan, Ütəriyyə, Mürrix, Müşətəri və nəhayət, Nahid ulduzları təxti-tacımıza, hökmdarımıza qarşı qorxulu vəziyyətdə donub qalıblar!” nidasını təkrarlayaraq hamının diqqətini özünə cəlb etmək istəyən Pavel Qloba həmin proqnozlarında münəccimdən çox siyasi texnoloqları xatırladır.
Proqnozlarını oxuyub bilmirsən Pavel Qloba bu öncəgörmələri səma cisimlərindən eşidir, yoxsa Kreml ulduzlarından?
Cavabı özünüzdən, bir də bizim Zərdüşt təqvimindən eşidin.