Yaxın Şərqdə gedən savaş Azərbaycana nə qədər yaxındır?
Niyə ərəblərlə yəhudilər Fələstin torpaqlarında bir əsrdən çoxdur savaşır?
Cəbhə xətti jurnalisti olaraq, mən Yaxın Şərq problemi ilə yaxından tanışam. Düşünürəm ki, mənim son 20 il ərzində dəfələrlə İsrail, Misir, Livan, İordaniya, Suriya, Tükiyə, İraq, İranda və Əfqanıstanda jurnalist kimi fəaliyyətim, tədqiqat və reportajlarım bugünki Fələstin-İsrail qarşıdurmasının təhlili üçün ciddi töhfədir. Bir sıra beynəlxalq jurnalist təşkilatlarının mənə bu barədə müraciəti və əsasən Azərbaycan xalqının problem haqqında məlumatının az olması və sonda qızım Mina Soltanın bu hadisələrə aid yaratdığı kollaj məni bu məqaləni yazmağa məcbur etdi.
ANS vaxtları olsaydı, sözsüz ki, mən indi Yaxın Şərqdə, ön cəbhədə olardım və məlumatları Azərbaycana və ümumiyyətlə, dünya ictimaiyyətinə birbaşa mənbədən çatdırardım, amma bu gün ANS yoxdur və yerli kanallar təəssüf ki, xarici ölkələrin mənbələrindən aldığı məlumatları yayaraq, əhalimizə kiminsə nöqteyi-nəzərini çatdıraraq milləti çaş-baş salmaqda davam edir…
Keçək mətləbə. Bugünkü Fələstin-İsrail münaqişəsini, artıq bu günə qədər hər iki tərəfdən minlərlə günahsız uşaq, qadın, qocaların həyatını aparan müharibəni oxucularıma anlatmaq və sonda öz müstəqil yanaşmamı formalaşdırmaq üçün, məcburam bu məsələni bir sıra tezislərə bölüm:
- Niyə ərəblərlə yəhudilər Fələstin torpaqlarında bir əsrdən çoxdur savaşır?
Ümumiyyətlə, bu millətlər Fələstinə yalnız Osmanlı İmperiyası nəzarət edəndə (XVI – XVIII əsrlərdə) sülh şəraitində, firavan yaşayıblar. Lakin türklər Birinci Dünya müharibəsində məğlub olaraq 1917-ci ildə Fələstin torpaqlarını İngiltərənin xeyrinə itirəndə qalib tərəfin xarici işlər naziri Artur Balfur yəhudi icmasının rəhbəri və Britaniyanın tanınmış və varlı bankiri Valter Rotşildə Fələstini yəhudilərin milli ocağına çevrilməsi təklifi ilə rəsmi müraciət edir: “Hörmətli Lord Rotşild, Əlahəzrət hökuməti Fələstində yəhudi xalqının milli ocağının yaradılması məsələsini məmnunluqla qarşılayır və bu məqsədə nail olmaq üçün hər cür səy göstərəcəyini təsdiqləyir”. Sonralar Balfur deklarasiyası adlanan bu sənəd ABŞ, Fransa, İtaliya və digər ölkələr tərəfindən qəbul olunmaqla regiona ciddi milli ədavət salır. Qətiyyətlə deyə bilərəm ki, artıq bir əsrdən çox və bu gün Fələstində tökülən qan 1917-ci ildə yazılan Balfur deklarasiyasının mürəkkəb damcılarıdır.
Deklarasiyanın yəhudilərin xeyrinə və məhz Amerikada ciddi yəhudi lobbisi olan Lord Rotşildə ünvanlanmanın səbəbi Böyük Britaniyanın Birinci Dünya müharibəsində ABŞ-ın İngiltərənin tərəfində iştirakı və sözsüz ki, maliyyə dəstəyi idi. Lakin Balfur deklarasiyasından 1 il əvvəl Fələstin cöllərində türklərlə savaşan İngilis bayrağı ərazidə çoxluq təşkil edən ərəb qəbilələrinə tərəf yellənərək onların dəstəyi müqabilində elə həmin təklif – Fələstində Ərəb ölkəsinin yaradılması kimi vədlər verilmişdir. Ərəblərin dəstəyi ilə türklər Fələstindən çıxarıldı, lakin külək istiqamətini dəyişdi və İngilis bayrağı yəhudilər tərəfə yırğalanmağa və ya əsməyə başladı.
Balfur deklorasiyası nəticəsində bir neçə ilə ABŞ və Avropadan Fələstin torpaqlarına 20 minə yaxın yəhudi gəldi. Beləliklə, 1917-ci ildə Fələsində əhalinin cəmi 10%-ni təşkil edən yəhudilərin hissəsi bu torpaqlar İngiltərənin mandatında olan zaman və torpaqlar uğrunda ərəblərlə daim gedən döyüşlərə baxmayaraq illər sonra 35%-ə yüksəldi və 14 may 1948-ci ildə Fələstinin bir çox əraziləri və əsas şəhərlər, o cümlədən Qüdsü ələ keçirərək İsrail dövləti yarandı - öz ordusu, hökuməti və beynəlxalq dəstəyi ilə. Öz növbəsində bu fakt regionda yaşayan bütün ərəb ölkələrini İsrailə qarşı birləşdirərək hərbi koalisiya yaratdı (Misir, Suriya, Livan, İordaniya və İraq). Nəticə olaraq 1967-ci ildə “6 günlük müharibə”, 1973-cü ildə “Axirət Günü müharibəsi” və digər lokal münaqişələr hər tərəfdən minlərlə həyat aparmasına baxmayaraq, Fələstində vəziyyət yenə də İsrailin xeyrinə dəyişdi və yəhudi dövləti daha çox ərazilər əldə etməyə qadir oldu.
- FAT, FƏTH və HƏMAS nədir və nə onlar nə istəyirlər?
Lakin İstrail dövlətinin yaranması ilə yanaşı, Fələstin ərəblərinin mübarizəsi də möhkəmlənirdi. Nizamlı orduya malik İsraildən fərqli olaraq pərakəndə şəkildə özünü müdafiə etməyə çalışan Fələstin ərəbləri ildən-ilə torpaqlarını itirərək 30 min kv.km. ümumi Fələstin torpaqlarından cəmi 6 min kv.km-i qoruyub saxlaya bilir. 1964-cı ildə təşkilatlanmaq zərurəti qarşısında və “Fələstini azad etmək” məqsədi ilə Ərəb Dövlətləri Liqasının (ƏDL-nın ovaxtkı üzvləri Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya, Yəmən, Küveyt, Əlcəzair, Liviya, Tunis, Mərakeş və Sudan idi) dəstəyi ilə ərazidə “Fələstin Azadlıq Təşkilatı” (FAT) yaranır. Bu təşkilat Qəzza və Qərb sahili üzərində fəaliyyət göstərən bir neçə fələstinli siyası partiya və döyüşçü qrupları öz qanadı altına alır. FAT-ın rəhbərliyinə çoxluq təşkil edən FƏTH partiyası seçilir (FaTaH - حركة التحرير الفلسطيني Harakat at-Tahrir al-Filastini). Təşkilatın adı təürs çevrilmiş, yəni ərəb dilində olduğu kimi hərflərin sağdan sola oxunmasının qısaltmasıdır. Maraqlısı budur ki, bu qısaltma yazılan kimi oxunuşda, yəni soldan-sağa "HaTaF" kimi səslənir – bu isə ərəb dilində "Ölüm" mənasını verir, əks akronim isə “FaTaH" “qələbə” və ya “fəth” deməkdir.
Qısa müddət ərzində formalaşan və maliyyələşdirilən təşkilat fələstinlilər tərəfindən tam şəkildə dəstəkləndi. 1968-ci ildən başlayaraq bu təşkilat adından bir sıra terror aktları həyata keçirildi, İsrailə məxsus və ya İsrail istiqamətində uçan beş mülki təyyarə zəbt edildi. Lakin fələstinlilərin törətdiyi ən məşhur terror hücumu 1972-ci ildə Münxen Olimpiadası zamanı FƏTH-in radikal “Qara Sentyabr” döyüşçü qrupu tərəfindən 11 israilli idmançının girov götürülməsi olub. Bu dəfə də döyüşçülər İsraildən fələstinli məhbusları azad etməyi tələb etsələr də, buna nail olunmayıb və Alman xüsusi təyinatlılarının girovları azad etmək üçün uğursuz cəhdi zamanı bütün yəhudi idmançıları öldürülüb.
İsrailə qarşı törədilən bu terror aktlarına baxmayaraq, heç də FAT rəhbərliyi hamılıqla radikal hərəkətlərə əl atılmasının tərəfdarı deyildi. Belə ki, 1969-cu ildə FƏTH-ın və eyni zamanda Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə gələn Yasir Ərəfat və onun tərəfdarları qarşısına Yaxın Şərqdə tuğyan edən terror, iqtisadi böhran və müharibələrin qarşısını almaq məqsədi qoyur. İllərlə gedən danışıqlardan sonra və Norveçin vasitəçiliyi nəticəsində 1993-cü ildə İsrailin Baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatı rəhbəri Yasir Ərəfat arasında “Oslo razılaşması” imzalanır. Sənədə görə FAT İsrailin dövlət kimi ləğvi məsələsini Fələstin Milli Xartiyasının əsasnaməsindən çıxarır və terroru rəsmən pisləyir, İsrail isə öz növbəsində FAT-ı Fələstin xalqının nümayəndəsi kimi rəsmən qəbul edir və bütün həbsdə olan fələstinliləri azadlığa buraxır. Elə bil ki, Yaxın Şərqə yeni bahar nəfəsi gəlir - döyüşlər dayandırılır, başda Ərəfat olmaqla Fələstin Milli Administrasiyası (FMA) yaranır və gözlənilən sülhün cizgıləri artıq aydın görünməyə başlayırdı ki, 1995-ci ildə İsrail hökumətinin bu addımına ultra sağçı müxalifətdə olan yəhudi dəstəsinin üzvü Baş nazir İshaq Rabini güllələyir. Eyni zamanda əks qütbdə yerləşən Yasir Ərəfat 87% səs çoxluğu ilə FMA-nın Prezidenti vəzifəsinə seçilməsinə baxmayaraq onun siyasəti və İsraillə hər bir danışığın əleyhinə olan HƏMAS təşkilatı tam müstəqil fəaliyyətə keçərək, yəhudilərə qarşı mübarizəni, o cümlədən hərbi əməliyyatlarını davam etdirməyə başladı. 1987-ci ildə Şeyx Əhməd Yasin tərəfindən yaradılan HƏMAS (حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) - hərbiləşdirilmiş təşkilat və siyasi partiya bu andan FƏTH ilə ciddi konfrantasiyaya daxil olaraq sərt radikal mövqe tutdu. 2004-cü ildə HƏMAS rəhbəri Əhməd Yasin İsrail hərbçiləri tərəfindən qətlə yetiriləndən sonra onun katibi İsmayıl Xaniya partiyaya rəhbərlik etməyə başladı və 2006-cı ildə Fələstin Parlamentinə seçkilərdə iştirak edərək tam qələbə qazandı.
Əsas qüvvələri Qəzza zolağında yerləşən HƏMAS döyüşçüləri 2007-ci ildə FƏTH təşkilatının üzvlərini tam şəkildə Qəzzadan çıxarandan sonra Fələstin Milli Administrasiyasının (FMA) ərazisi iki yerə bölündü – İordan çayının qərb hissəsində FƏTH, Qəzza zolağına isə HƏMAS rəhbərlik etməyə başladı.
Bu fakt, “Oslo razılaşması” və ümumiyyətlə Yaxın Şərqdə sülh yaratmaq cəhdləri bütün dünyaya bir daha nümayiş etdirdi ki, bu region bir sıra böyük dövlətlərin maraq dairəsindədir və onların istəyi və icazəsi olmadan, elə Azərbaycanla Ermənistan arasında olduğu kimi, heç vaxt sülh ola bilməz.
- İran, Səudiyyə Ərəbistan, Qətər, ABŞ və Rusiyanın regionda maraqları nədir?
2023-cü ilin Oktyabrında HƏMAS tərəfindən İsrailə qarşı keçirilən hərbi əməliyyat və onun nəticələri elə geniş, texnoloji və gözlənilməz oldu ki, bütün dünya bunun arxasında duranları görmək istədi. Lakin təəssüf ki, hər tərəfdən atılan mərmi və bombaların yaratdığı dağıntılar, yanğınlar və əsasən qara tüstülü duman o qədər qatıdır ki, onun arxasında dayananları görmək həqiqətən də asan deyil. Sadəcə, paralel baş verən hadisələrə diqqət yetirmək olar və onlardan bir çoxu “kimin əli kimin cibindədir“ sualına cavab verməsə də, üzümüzdən iraq, çəhrayı eynəyi çıxarıb aşağıdakıları oxumağa imkan verir:
- Sözsüz ki, ilk növbədə hamı İran tərəfə baxdı. Ona görə ki, İran daim HƏMASı dəstəkləyir, İran sionizmə qarşıdır və İsrail kimi dövlətin rəsmi şəkildə sükutunun tərəfdarıdır. Bundan əlavə, HƏMASın İsrailə hücumundan sonra İranın dini lideri Ayətullah Xomenei çıxış edərək “Sionist rejiminə hücum edən Fələstin gənclərinin əllərini öpürəm!” dedi. İki daşın arasında İranın xarici işlər naziri HƏMAS lideri İsmayıl Xaniya ilə görüş keçirəndən sonra İranın bu hadisələrlə heç bir əlaqəsinin olmadığını rəsmən bəyan etdi. ABŞ-ın Ağ Evi də İranın bu hadisələrdə izinin olması barədə heç bir dəllilərinin olmaması barədə bəyanat verdi və şəxsən mənə görə, bu bəyanat İranı qıcıqlandırmamaq və İranın İsrailə qarşı açıq hərbi əməliyyatrlara müdaxilə etməməsi xatirinə verilmişdi…
- Başda Co Bayden olmaqla ABŞ hakimiyyəti və Demokratlar Partiyasının İsrailin Baş naziri Binyamin Netanyahu kabineti ilə münasibətlərinin, türklər demişkən, iyi olmaması heç kim üçün sirr deyil. Hakimiyyətə gələn gündən hələ bir dəfə də Ağ Evdə qəbul olunmayan Netanyahunun səhvi kabinetini formalaşdıraraq rəhbər vəzifələrə sərt sağçı radikal milli təhlükəsizlik naziri - terrorçuluqda ittiham olunan İtamara Ben-Qvir və maliyyə naziri vəzifəsinə irqçilikdə ittiham olunan Betsalela Smotriçi təyin etməyi oldu. Bundan əlavə, İsrailin ABŞ-ın İranla imzaladığı nüvə sazişini rədd etməsi, Vaşinqtonun İsraildən Çinə qarşı mövqe tutması və Ukraynanı dəstəkləmək kimi xahişləri də cavabsız qalandan sonra iki ölkə arasında münasibətlərdə ciddi soyuqluq hiss olunmağa başlayıb. Mənim bu fərziyyəmi bir vaxtlar İsrail Milli Təhlükəsizlik Şurasının sədri olmuş Çak Freyliçi də təsdiqləyir: “Bayden administrasiyası ilə İsrail arasında fikir ayrılıqları getdikcə dərinləşir. ABŞ ilə imtiyazlı münasibət İsrailin milli təhlükəsizliyinin əsas sütunudur”.
- Amma heç nəyə baxmayaraq ABŞ son vaxtlar iki tərəfdaşının – Səudiyyə Ərəbistanı və İsrailin dostluğunu yaratmaq üçün əlindən gələni edirdi. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı Ərəb Ölkələri Liqasının başçısı olaraq İsrail kimi dövləti tanımırdı, lakin son illərdəki ABŞ səyləri nəticəsində, deyəsən, səhrada buzlar əriməyə başladı… Belə ki, bu yaxınlarda, HƏMASın İzrailə hücümundan bir az əvvəl Səudiyyə Ərəbistanının rəhbəri Məhəmməd Bin Səlman “Fox News”a verdiyi müsahibəsində bəyan etmişdi: “Hər gün tərəflər sülh paktına yaxınlaşırlar. Və bu soyuq müharibə sona çatandan sonra dünyada ən böyük beynəlxalq saziş olacaq.” Dünya mediası “Meqasaziş” adlandırdığı bu sənəd doğrudanmı Fələstin torpaqlarına sülh gətirə bilər? Bilmirəm, amma bu ABŞ Prezidentinə seçkiqabağı ciddi reytinq verə bilərdi. Səudiyyə Ərəbistanı isə ərəb ölkələrinin şahı olmaq istəyirsə, deməli, nüvə silahı da olmalıdır və görünür, ABŞ-la dostluqda məhz bu çatışmayan əlamətin bərqərar olunması üçün sonuncu pazldır. Lakin görünür hələ ərəb ölkələri monarxiyanı qəbul və aralarında nüvə ölkəsini həzm etməyə hazır deyillər və ya regionda daha çox Şah olmaq iddiası ilə yaşayan “nüvələr” mövcuddur.
- Yəqin çoxları bilmir ki, yaranan gündən Fələstin hökumətinin maliyyə ehtiyaclarını və hətta məmurlarının maaşlarını Qətər dövləti ödəyir. Bu sonuncu münaqişə zamanı Qəzzanın İsrail tərəfindən bombalanmasına dözməyən Qətər rəsmisinin “Atəşlər dayanmasa, dünyanı qazsız qoyarıq” iddiası qışa tərəf gedən və artıq Rusiya qazından məhrum olan millətlər üçün ciddi siqnal oldu. Qətər, ərəb dünyasının “Əl-Cəzarə” kimi media kapitanı olaraq sözsüz ki, regionda qeyri-ərəb olan İran və Türkiyə kimi güc sahibləri ilə ən yaxın iqtisadi və siyasi münasibətlərə sahibdir və o da ərəblər adından bütün dünya ilə danışa biləcək nüfuz sahibi olmaq üçün bir çox cəhdlər nümayiş etdirir. Elə sonuncu futbol üzrə dünya çempionatı nəyə istəyirsən dəyər. Onu da unutmayaq ki, Qətərin bu gün Rusiya ilə də gözəl münasibətləri var.
- Sözsüz ki, Rusiyanın da bu sırada dayanmağa haqqı var. Bu gün Ukrayna ilə torpaq davası aparan bu ölkəyə dünyada baş verən digər qanlı münaqişələrin olması sözsüz ki, vacibdir. Belə olan halda İsrailin Fələstinin mülki əhalisi yaşayan şəhərlərini “ütüləməsini” bütün dünyaya göstərməklə və bu gün Qəzzanın dağıntılar və həlak olanların sayına görə heç də Mariupoldan geri qalmaması Rusiyaya imkan verir ki, Ukrayna ilə gedən döyüşlərini ”terrorçu və nasistlərlə mübarizə” kimi qələmə versin. Əks halda, bu ikili standartları bu böyük dünyanın balaca mədəsi üçün həzm etmək mümkün olmayacaq. Eyni zamanda ABŞ-ın və ümumiyyətlə dünyanın Ukraynadan diqqətini yayındırmaq kimi imkan qısa bir müddətdə Rusiya ordusuna nəzərdə tutulmuş hədəflərə çatmaq üçün dəyərli şans ola bilər. Bundan əlavə, münaqişələrin cərəyan etməsi hər zaman neftin və qazın qiymətini də qaldırır. Hələ bir Qətərin “qazlı bəyanat”ı bu soyuq qış aylarında ola bilsin ki, Avropa ölkələrinə donmuş eynəkləri ilə Rusiyaya baxaraq onun heç də suçlu olmadığına işarə edə bilər.
- İsrail – Fələstin, münaqişə nə zaman qurtaracaq?
Bu sualı mənə dəfələrlə verirlər və əslində yuxarıda yazdıqlarımdan hər şey anlamaq olar. Amma bu halda tərəflərin fərdi səhvlərini də aradan qaldırmaq olmaz. Özü də Azərbaycana – bu gün özünün böyük etnik problem olan ölkə, sözsüz ki, bu cür beynəlxalq kataklizmlərdən bir çox dərsləri öyrənməlidir.
Qəzzada gedən müharibənin nəticəsi mənim üçün şəxsən artıq bəllidir. İsrail HƏMAS-a nisbətən o qədər güclüdür ki, həm HƏMAS-ı məğlub edə, həm də Qəzzada İsrailin istənilən yeni təhlükəsizlik strukturunu qura bilər, necə ki, artıq qurub. Lakin buna baxmayaraq, fələstinlilər nə qədər ciddi nəzarət altında qalsalar da - peyk, dronlar, casus şəbəkələri – təəssüf ki, bu faciə baş verdi... Bu faciənin kökləri eyni zamanda İsrail və Fələstin hökumətlərinin bugünkü daxili müxalif qüvvələri və ciddi siyasi tənəzzül və qarşıdurmalarındadır. Bu gün İsraildə Binyamin Netanyahuya və Fələstində İsmayıl Xaniyaya qarşı ciddi müxalifat var, odur ki, bu gün müharibə yalnız İsrailllə Fələsin arasında deyil, eyni zamanda adı çəkilən dövlətlərin və hətta onların dəstəkləyən ölkələrin də arasında gedir. Düşünürəm ki, Yaxın Şərqdə əmin-amanlıq və sülh yaratmaq üçün əvvəlcə yuxarıda göstərilən tərəfdaşların düşərgələrində daxili müharibələr qurtarmalıdır!
HƏMASın və ümumiyyətlə bütün bu hadisənin arxasında nələr dayandığını yalnız İsrail yerüstü əməliyyata və Qəzzaya daxil olmağa başlasa, bilinəcək. Belə görünür ki, bunu yalnız mən yox, artıq İsrailin siyasi və hərbi rəhbərliyi də anlayıb və bu səbəbdən artıq ikinci dəfədir əməliyyatları daha sonraya keçirirlər.
Nə ola bilər? Ərəb dünyasının qalan hissəsi İsraillə birbaşa hərbi əməliyyatlara daxil ola bilər. Livanda “Hizbullah” raket hücumları və transsərhəd sızmaları ilə yəhudilərin kiçik kəndlərinə hücumlara başlaya bilər. Misir hərbi baxımdan güclüdür və sərhəd boyu İsraillə döyüşə başlayaraq, nə vaxtsa ona aid olan Sinay torpaqlarını geri ala bilər. İordaniyanın da İsrailə qarşı torpaq iddiaları var və bu basabasda 30 minlik ordu hissəsi, üstəgəl aviasiya vasitəsi ilə artıq üç cəbhədə vuruşan İsraili daha da zəiflədə bilər. Suriyanın illər boyu kiçik mobil qruplarla vuruşmaq təcrübəsi və hər gün səhər döyüşə işə getmək kimi təcrübəsi İsrailin daxili infrastrukturuna və TV-lərdə göstərilən böyük hərbi maşınlarına ciddi problem yarada bilər. Bundan əlavə, İraq, İran, Türkiyə və hələ sakit oturan, sadəcə TV-lərdə İsrail raketlərindən hər gün həlak olan artıq 2 mindən çox həlak olan yalnız ərəbləri yox – qırılan müsəlmanları seyr edən və buna görə qeyri-müəyyən hərəkətlərə qalxa biləcək digər islam ölkələri də xalqlarının tələbi ilə hakimiyyətlərini itirməmək üçün hərbi münaqişəyə aktiv qatıla bilərlər. Bu münaqişə İslam aləmində bu günə qədər hökm sürən və xristian dünyasının müsəlmanları bir-biri ilə vuruşdurmaq üçün əsrlərlə istifadə etdiyi məzhəblərarası münasibətlər yeni dövr üçün və ümumiyyətlə, islamın bundan sonra yaşaması üçün tam şəkildə bərpa edə bilər. Şiə İran, “Hizbullah” və s. sünni Misir, İordaniya, Türkiyə və digərləri ilə Fələstin torpaqları, qırılan müsəlmanlar və s. İsrailə qarşı qalxsa, dünyanın yeni qaydası yarana bilər. Sözsüz ki, artıq ərəb yox, yeni islam dünyasına qarşı da ABŞ və NATO ölkələri qalxaraq münaqişəyə yeni siyasi məna qata bilərlər. Bəlkə elə bu münaqişəni planlaşdıranlar məhz bu ssenarini nəzərdə tutublar.
Amma yenə də heç bir plana baxmayaraq, arada Fələstin və İsrail xalqı əziyyət çəkəcək və həlak olacaq.
Bu hadisə zamanı ən böyük zərbələri, qəribə olsa da, İsrail və fələstinlilər özlərinə vururlar. İsrail fələstinlilərə gərək ilk gündən ya real dövlətçilik, ya da təhlükəsizlik və bərabər iqtisadi və siyasi imkanlar təklif etsin. Dövlətçilik vermək əvəzinə, İsrail fələstinliləri dörd anklava bölür ki, onlara nəzarət etmək asan olsun. İsrailin bu uzaqgörməyən siyasəti fələstinlilər arasında gərginliyə, nifrətə və qarşıdurmaya səbəb olur:
- “Dövlətsiz”lik şəraitində fələstinliləri saxlayan birinci anklav Qüdsdür. Şərqi Qüdsdə fələstinlilər üçün yaşayış və biznes məhdudiyyətləri, daim nəzarət və gərginlik, məscid və digər ilahi yerlərdə münaqişələrin olduğu, yəhudilərin şəhərdə öz ərazilərini hər il böyütmələri və ərəbləri sıxışdıraraq qaçqın etmələri və adi ailələr üçün müstəsna təhlükəsizlik məhdudiyyətləri – fələstinliləri əvvəl-axır bu cür münaqişəyə qaldıracaqdı.
- İkinci anklav İsrailin qalan hissəsidir, Fələstinin məhdud hüquqları, vətəndaşlığı və hərəkətləri ilə bağlı fərqli tənzimləmələr, daimi ciddi nəzarət və təhlükəsizliyin olmaması.
- Üçüncüsü, Fələstin əldəqayırma hökuməti ilə İordan çayının Qərb sahili. Fələstin bütün hökumət və təhlükəsizlik qüvvələri üzərində de-fakto İsrail Təhlükəsizlik Nazirliyinin nəzarəti. Fələstinlilərin hərəkətləri üzərində ciddi nəzarət və İsrailin qalan hissəsinə çıxışın məhdudlaşdırılması. Eynin zamanda bu torpaqlara yəhudilərin məskunlaşdırılması və ərəb əhalisinin əsasən Netanyahu hakimiyyəti dövründə ciddi azalması.
- Dördüncü anklav fələstinlilərə ən pis yaşayış şəraiti və dayanmadan çoxalan təzyiqlər toplusu ilə yaşayan Qəzzadır. Burada təxminən 2,1 milyon fələstinli yaşayır və heç bir İsrail yəhudisi yoxdur. Qəzzanın nə sənaye müəssisələri, nə də ixracı var. Qəzzanı daim təzyiq altında saxlamaq üçün əhalinin içməli su və elektrik enerjisinin çox hissəsini İsrail hökuməti təchiz edərək özündən asılı saxlayır. Onun kiçik bağ əkin sahələri İsrail təhlükəsizlik zonasının bir hissəsidir və bu səbəbdən orada heç bir aqrar fəaliyyət aparmaq olmur. Qəzzanın 50%-ə yaxın əhalisi işsizdir və 50% xarici yardımdan birbaşa asılılığı var. Burada dünyanın istənilən regionu və ya ölkəsindən faiz nisbəti ilə daha çox gənc əhali və ən çox uşaq yaşayır. Qəzza İsrailin qalan hissəsindən beton divar və ya dəmir torlarla ayrılıb. Burada hava limanı və ya Aralıq dənizinə sərbəst çıxış üçün liman yoxdur. İstifadə olunan pul vahidi İsrailin şekilidir və 90% İsraildən asılı vəziyyətdə saxlanılır.
Bu məqalədə mənim borcum bir Azərbaycanlı, Dəqiq, Qərəzsiz və Vicdanlı ANS jurnalisti kimi xalqa dürüst məlumat vermək idi. İndi siz məlumatlısınız - qərarı və ya mövqeyinizi müstəqil formalaşdırın. Mənim məqaləmdə bütün aspektlər yer alıb, o cümlədən, ən əsası Azərbaycanımızın gələcəyinə lazım ola biləcək məqamlar. Bunu oxuya bilən çox asanlıqla anlayacaq. O ki qaldı bu muharibə kimin xeyrinə qurtaracaq sualına, cavab verə bilərəm ki, heç bir müharibədə xeyir olmur – yalnız bədbəxtlik, ağrı və itkilər olur.
Allah bütün əzab çəkənlərə dəstək olsun.