23-cü ilin aynasında ANS TV-nin 32 yaşı tamam oldu
Bu yaşda Azərbaycanda şirkətin olmaması ANS-çiləri unikal edir
Bir neçə gün bundan əvvəl 28 May küçəsində yerləşən VMF KAFE-də bir maraqlı jurnalistlə söhbətim düşdü. Maraqlı adam idi və dayanmadan mənə suallar verirdi... Masaya sifariş olunan Zaqatala fındığı tamı ilə Kofe Late gəldi. Bu, sakitliyin yaranmasına imkan yaratdı. Lakin bir qurtum bu maraqlı içkidən alandan sonra o, yenə mənə müraciət etdi: "Çox dadlı kofedir... Bəs ANS-in dövranı bir dəfəlik sona çatdı?" soruşdu və xoşuna gəldiyi kofedən bir qurtum da alaraq düz mənim gözlərimə baxmağa davam edirdi.
- Təəssüf və eyni zamanda sevinc hissi ilə demək istəyirəm ki, bəli, həmin dövran sona çatdı! ANS-in və onun təkbaşına Azərbaycan uğrunda bütöv dünya ilə əliyalın vuruşma dövranı sona çatdı.
Çırpılmış südün köpüklərini bığından silərək və baxışlarındakı marağı təəccüb və həmin an kədərlə əvəzləyərək həmsöhbətim davam edirdi...
- Anlamadım... Deməli, ANS artıq heç vaxt olmayacaq?
Fürsətdən istifadə edərək barista Telmanın badam südündən mənim üçün də hazırladığı eyni tamlı latedən bir qurtum alaraq həmkarıma cavab verdim:
- Yox, ANS olub, var və olacaq. Bu gün də ANS PRESS informasiya agentliyi və ANS ÇM radiosu fəaliyyət göstərir, "Bakifilm" kinostudiyası "Birlikdə" bədii filminin son hasilat işlərini həyata keçirir və "Balans Studiyası" "Bizim Cəbiş müəllim" filminin təmizləməsi ilə ciddi məşğuldur. Söhbət dövrandan gedir - o dəliqanlı və başdanxarab dövrandan. O illər Azərbaycan Respublikasının illik büdcəsi cəmi 500 milyon dollar idi. Ölkə tam informasiya blokadasında idi və xaricə Azərbaycanın səsini yalnız ANS çatdırırdı. O illər biz Yaponiyanın NHK, Avropanın ORT, RTR, ZDF, ARD, TF-1, RAI-1, BBC, ABŞ-ın ABC News, CNN və NBC kimi media şirkətləri ilə əməkdaşlıq edirdik. Hər ay əməkdaşlıq etdiyimiz beynəlxalq media qurumlarının da sayı artırdı, Müstəqil Azərbaycanı tanımağa başlayan ölkələrin və xalqların da sayı. Azərbaycandan məlumatları öz xəbər lentlərinə qoymaq xatirinə mən Əfqanıstan, Çeçenistan, Bosniya və digər qaynar nöqtələrdən videoreportajlar hazırlayırdım. O zaman Azərbaycanın özü də "Dəli yığıncağı"na bənzəyirdi. Hər il dəyişən hakimiyyət, hər cibində 10 min dollar olanın şəxsi ordusu, ərzaq qıtlığı, reketçilik və daim torpaqların itkisi ilə müşahidə olunan ölkənin müxtəlif ərazilərində alovlanan qardaş qırğınları. Bir sıra itlər yiyəsini tanımır və kimin əli kimin cibindədir suallarına hətta cib sahibləri də cavab verə bilmirdi... Lakin ANS işləyirdi! ANS ideologiya yaradırdı, ANS mədəni-maarif verilişləri ilə Azərbaycanın etnik azlıqlarını birləşdirirdi. Yəhudi Albert Aqarunov, Rus Yura Çorni, Kürd Ruslan Həsənov kimi qəhrəmanlar yaradaraq Azərbaycanı multikultural ölkə kimi təqdim edirdi dünyaya. Ölkədə fəaliyyət göstərən xarici kanalların bağlanması uğrunda vuruşurdu və onları açıq yayımdan çıxarmağa müvəffəq olurdu. ANS düşmən mövqedə olan ölkələrin TV kanalları ilə savaşır, onların ağızlarını yumurdu, əhalimizi onların təsirinə düşməyə imkan vermirdi. ANS yeni nəsil Azərbaycan jurnalistləri hazırlayırdı. ANS "Döyüş Alnınıza Yazılıb 2/216" ideologiyası ilə gələcək nəsli Qarabağ uğrunda döyüşə hazırlaşdırırdı. ANS işləyirdi!
Bu gün artıq o dövran yoxdur, bu gün Dövlət var, qanun var, qayda var, Ordu var! Bu gün vətəndaş özünü kifayət qədər mühafizə edilmiş hiss edir. Bu gün biz torpaqları itirmirik, geri alırıq. Bu gün ölkə büdcəmiz 20 milyard ABŞ dollarına yaxındır və hər gün Azərbaycana yalnız təbii sərvətlərin satışından 30 milyon ABŞ dollarından çox pul gəlir. Şükür Allaha! Odur ki, o dövran qurtardı və ANS öz missiyasını tamamilə yerinə yetirdi və bu gün də fəaliyyətdədir.
Mənə zəng gəldi və mən sürücümün "probka"da mənə əl etdiyini gördüm və dərhal kofeyə görə pul ödəyərək və həmsöhbətimlə sağollaşaraq VMF Kafeni tərk etdim.
Ofisə gedərkən bütün yol boyu həmsöhbətimin məni sonadək anlamadığı gözlərini xatırlayırdım. Mən onu anlayıram - o zamanı və ANS-in hansı şəraitdə Vətənini qorumağını və bütün dünyaya dünyəvi, sivil və multikultural ölkə kimi göstərdiyi dövrünü görməyən anlamaz. Bu mənim, Seyfullanın və bizim əməkdaşlarımızın yolu idi və biz onu açıq alınla keçdik və bu günümüzə Şərəflə qədəm basdıq.
Odur ki, əziz ANS-çilər, hamınızı təbrik edir və bağrıma basıram. Fəxr edirəm ki, Sizinlə bir səngərdə çiyin-çiyinə döyüşmüşük! Sizinlə Azərbaycanın tarixini, videoxülasəsini yaratmışıq! Hər birinizin qarşısında baş əyirəm! Allah Sizi qorusun! Mən fəxr edirəm ki, mənim rəhbərliyim altında oddan-alovdan keçməyimizə baxmayaraq, mən bir dənə də olsun əməkdaşımı itirmədim! Hamısı sağ-salamat ailələrindədir!
Bu ağır, amma gözəl döyüş idi! Çətin, amma kişi dövrü idi ! Və biz, ANS-çilər bu döyüşdən, bu dövrandan itkisiz və qələbə ilə çıxdıq!!!! Allah Azərbaycanımızı qorusun!
23-cü ilin aynasından baxan 32 yaşınızı təbrik edirəm!