ABŞ seçkilərə müdaxilə edir
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib.
“ABŞ seçkilərə müdaxilə edir. Bunu hər kəs bilir və ABŞ prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. ABŞ-nin işidir. Bayden son günlər öz adamlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu bildirib.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.