ABŞ Azərbaycanı İbrahim Sazişlərinə qoşulmağa dəvət edəcək
Bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bəyan edib

ABŞ Azərbaycanı İbrahim Sazişlərinə qoşulmağa dəvət edəcək
Azərbaycan da tezliklə İbrahim sazişlərinə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır.
Bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff "Breitbart" dərgisinə müsahibəsində bildirib.
Onun fikrincə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.
"Mənim proqnozum belədir ki,... nisbətən tezliklə biz Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik... Bu, Liviya ilə də baş verə bilər... Mən İbrahim razılaşmalarına qoşulan ölkələrdən danışıram, bu, Azərbaycan və Ermənistanla da baş verə bilər", - o qeyd edib.
Vitkoff vurğulayıb ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə yaxındır.
İbrahim Sazişləri 2020-2021-ci illərdə imzalanmış İsrail və bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra müqavilələrdir. İbrahim Sazişləri İsrail ilə bir sıra ərəb ölkələri arasında müdafiə, kiber və iqtisadi sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirməyə kömək etdi.