XƏBƏRLƏR / Dünya

ABŞ əfqan vətəndaşlarının immiqrasiyasını dayandırıb

Silahlı şəxs Ağ Evdən təxminən 300 metr məsafədə Milli Qvardiya əsgərlərinə atəş açmışdı

ABŞ əfqan vətəndaşlarının immiqrasiyasını dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın hakimiyyət orqanları Vaşinqtonun mərkəzində Milli Qvardiyanın əsgərlərinə hücumdan sonra Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərini dayandırıb.

    Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, müraciətlərə baxılması “qeyri-müəyyən müddətədək” təxirə salınıb. Bu arada ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Brandon Gill paytaxtda baş verən silahlı insidentdən sonra Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyasına çağırıb.

    Qeyd edək ki, noyabrın 26-da günortadan sonra naməlum silahlı şəxs Vaşinqtonun mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında, Ağ Evdən təxminən 300 metr məsafədə Milli Qvardiya əsgərlərinə atəş açıb. Nəticədə iki əsgər yaralanıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

    Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Cozef Bayden dövründə ölkəyə daxil olan bütün Əfqanıstan vətəndaşlarının yoxlanılacağını bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası ölkəni sevməyən və onun inkişafına töhfə verməyən bütün miqrantları ölkədən çıxarmaq üçün lazımi tədbirləri görəcək.