XƏBƏRLƏR / Biznes

ABŞ: Ermənistanda investisiya mühitində problem var

Bu barədə ABŞ Dövlət Departamentinin 2024-cü il üçün investisiya mühiti ilə bağlı hesabatında deyilir

ABŞ: Ermənistanda investisiya mühitində  problem var
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanda investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiya var.

    Bu barədə ABŞ Dövlət Departamentinin 2024-cü il üçün investisiya mühiti ilə bağlı hesabatında deyilir.

    Sənəddə vurğulanıb ki, qanunlar xüsusən əsas institutlarda, ən çox da məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.

    “Müəssisə rəhbərləri hesab edirlər ki, bir çox Ermənistan məhkəmələri səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkir və bu, məhkəmə sisteminin gücləndirilməsini zəruri edir”, - hesabatda deyilir.

    Dövlət Departamentinin məlumatına görə, biznes assosiasiyaları vergi, gömrük, tibb, təhsil və hüquq-mühafizə orqanlarında geniş islahatlara ehtiyac olduğunu bildirib:

    “İnvestorlar deyirlər ki, şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitini təmin etmək üçün həll edilməli olan çoxlu problemlər qalmaqdadır. Özəl sektor nümayəndələri hökumətlə dialoqun keyfiyyətindən narahatdırlar”.

    Hesabatda həmçinin dövlət məmurlarının investorların üzləşdiyi problemləri tez bir zamanda həll etmək imkanları ilə bağlı problemlərin olduğu müəyyən edilib.

    Dövlət Departamenti digər məsələlərlə yanaşı, Ermənistanda istehlakçıların məhdud alıcılıq qabiliyyəti ilə bağlı problemlərə də işarə edib.

    Sənədə əsasən, Ermənistanda qanunun aliliyi qorunmur, dövlət məmurları hamı ilə eyni rəftar etmir və etik davranışı problemi mövcuddur. Bu da öz növbəsində biznes üçün narahatlıqlar yaradır.

    ABŞ şirkətləri vurğulayıb ki, investisiya mühiti əqli mülkiyyət hüquqlarının təmin edilməməsi səbəbindən pozulub. Baxmayaraq ki, hökumət əlaqəli hüquqların təmin edilməsini gücləndirməyi öhdəsinə götürüb.