ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində olub
Mark Libbi minatəmizləmə qrupları ilə də görüşüb
Aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdamın işğaldan azad edilmiş ərazilərində səfərdə olub, rayonda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər.
Səfər zamanı səfir Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub. M.Libbi çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara isə şəfa arzulayıb.
ABŞ səfiri Azərbaycanda qadın və kişilərdən ibarət ilk qarışıq minatəmizləmə qrupları ilə görüşü zamanı onların gördüyü işlərin əhəmiyyətindən danışıb. O deyib: “Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edirlər. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin tez bir zamanda təmizlənməsini arzu edirəm. ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məqsədlər üçün böyük vəsait xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işinə yaxından dəstək olacaq".
Sonra səfir Mark Libbinin, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladovun, BAMF prezidenti Umud Mirzəyevin, MAG-ın ölkə direktoru Cenet Dikstra və Texniki Sahə Meneceri Bobbi be Dirin iştirakı ilə qadın minaaxtaranlara sertifikatlar təqdim olunub.
Qonaqlara minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib. Səfir heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.
Sonda ABŞ səfiri bu cür səfərlərin davamlı olacağını qeyd edib.