ABŞ və İran bir-birlərinə raket zərbələri endirib
Bu barədə İran, İsrail və Qərb mətbuatı xəbər verir
"Axios" və İsrail TV Kanal 12 müxbiri Barak Ravid X-də bildirib ki, Amerika qüvvələri İranın cənubundakı Larak adasında iki raket buraxıcı qurğusunu vurub.

ABŞ rəsmisinin sözlərinə görə, "bu gün səhər Amerika qüvvələri Larak adasında iki raket buraxıcı qurğusunu vurub". Mənbə əlavə edib ki, "İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin Hörmüz boğazına doğru dəniz minaları daşıyan raketlər atmağa hazırlaşdığı müşahidə edilib".
"Tasnim" xəbər agentliyi ABŞ-ın İranın Larak adasına pilotsuz təyyarə hücumu nəticəsində ən azı iki nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirib. Agentliyin məlumatına görə, adaya təxminən bir saat əvvəl pilotsuz təyyarə hücumu baş verib. Rəsmi orqanlar hələlik vəziyyətlə bağlı şərh verməyiblər.
***
İran İordaniyadakı ABŞ qüvvələrinə hücum edir, Fox News jurnalisti Trey Yingst mənbələrə istinadən xəbər verir.
"İran İordaniyada yerləşən ABŞ qüvvələrinə hücum edir", o, X-də yazıb. Yingstin sözlərinə görə, İslam Respublikası tərəfindən atılan demək olar ki, bütün raketlər indiyə qədər ələ keçirilib və hücumlar heç bir ciddi ziyana səbəb olmayıb.
Fars agentliyi əvvəllər İranın raket zərbələrindən sonra İordaniyanın cənubunda və şərqində partlayışların baş verdiyini bildirmişdi. Agentlik təsdiqlənməmiş məlumatlara istinadən Qətərdəki Əl-Udeid hava bazasında da partlayış olduğunu iddia edib.
Bir müddət sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu Larak adasına edilən hücuma cavab olaraq İordaniyadakı iki ABŞ hava bazasına ballistik raketlər və dronlarla birgə hücum etdiyini təsdiqləyib. Tasnim xəbər agentliyi tərəfindən dərc edilən açıqlamada İİKK-nın Muvaffaq Salti (Əzraqda) və Kral Hüseyn (Məfraqda) hava bazalarındakı texniki və təmir infrastrukturunu, eləcə də qırıcı təyyarə bazalarını hədəf aldığını və "ciddi ziyan" vurduğunu iddia etdiyini bildirib.
2 dəqiqə