XƏBƏRLƏR / Qayıdış

Ağdam, Xocalı və Xocavəndin kəndlərinə köç karvanları gedib

YENİLƏNİB

Ağdam, Xocalı və Xocavəndin kəndlərinə köç karvanları gedib
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:41

    Dekabrın 26-da Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə kəndə 48 nəfərdən ibarət 11 ailə köçürülüb. Köç edən ailələr bu gün yeni mənzillərinə yerləşdirilib. Mənzillərin açarlarının təqdimatı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov, sakinlərə Seyidbəyli kəndində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.

    Qeyd edək ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.

    ***

    13:29

    Ağdam rayonuna yola salınan 64 ailədən ibarət növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

    Bu mərhələdə kənddə 64 ailə (278 nəfər) daimi qayıdışı təmin edilib.

    Kəndə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib.

    ***

    13:17

    Bu gün növbəti köç karvanı ilə Hadrut qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

    ***

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Hadrut qəsəbəsi bu gün 13 ailə olmaqla, 51 nəfərə qucaq açıb.

    Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

    ***

    12:21

    Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti qayıdışı aparılıb.

    Doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə (48 nəfər) daimi qayıdışı təmin edilib.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 611 nəfər (122 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 484 nəfər (125 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 605 nəfər (138 ailə)
    Xanyurdu - 421 nəfər (120 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 200 nəfər (58 ailə)
    Seyidbəyli - 217 nəfər (59 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 762 nəfər (191 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 308 nəfər (83 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Hadrut - 182 nəfər (46 ailə)
    Qırmızı Bazar - 513 nəfər (122 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Xankəndi
    Kərkicahan - 117 nəfər (30 ailə)



    Cəmi: 25 407 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.