Ağır atletlərimiz bu gün axşam Bakıda olacaq
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib
Ağır atletlərimiz İrəvandakı oteli tərk ediblər. Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ANS Press-ə bildirib.
O da məlum olub ki, komandamız avtobusla Gürcüstana gedib və artıq Ermənistan-Gürcüstan sərhədini keçib.
Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Bakıya enəcək.
Xatırladaq ki, bu gün Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürür. Azərbaycan həmin yarışda dörd idmançı ilə təmsil olunurdu. Lakin dünən açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb. Azərbaycan komandası isə yarışdan imtina edib və Bakıya qayıdır. Lakin erməni tərəfi Azərbaycan idmançılarının oteldən çıxmasına icazə vermirdi.