Aİ Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat aparır
Bu bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda verib
Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplayır.
Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "Союзники. ОДКБ" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir.
“Kənardan heç kim bizim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək. Uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışsaq, o zaman kollektiv Qərbin regionun hərbiləşdirilməsi və Aİ və NATO-nun hərbi-siyasi təsiri genişlənməsi planları var”, - Kopırkin qeyd edib.
Səfir Erənistanla Azərbaycan arasında yolların açılması məsələsinə toxunaraq, qeyd edib ki, "Üçtərəfli İşçi Qrup (Rusiya, Azərbaycan, Ermənistan - ANSPress) ritmik iş aparıb və mühüm nəticələr əldə edib. Belə ki, qrupun 2023-cü ilin iyununda keçirilən 12-ci iclasında Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma razılaşdırılıb. Demək olar ki, hərtərəfli, balanslaşdırılmış razılaşma əldə etmişik. Təəssüf ki, bizim günahımız olmadan proses dalana dirənib. “Kollektiv Qərb”in təzyiqi ilə İrəvan bu istiqamətdə də üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib".
"Biz Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də bütövlükdə bütün region üçün davamlı sülh və rifahın bərqərar olması üçün Üçtərəfli İşçi Qrupunun tam hüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edirik," - Sergey Kopırkin vurğulayıb.