Aİ Ukraynaya 3 milyard avroya yaxın vəsait verəcək
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib
Avropa İttifaqı (Aİ) Şurası "Ukraine Facility" proqramı üzrə səkkizinci müntəzəm tranş çərçivəsində Ukraynaya təxminən 3 milyard avro, o cümlədən ilk dəfə olaraq Ukraynaya dəstək krediti vəsaitlərindən təqribən 800 milyon avro ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin qorunub saxlanmasına, ölkənin bərpasına və modernləşdirilməsinə, dövlət idarəçiliyinin işinə və islahatların həyata keçirilməsinə yönəldiləcək.
Tranşı almaq üçün Ukrayna proqramla nəzərdə tutulmuş 10 hədəf göstəricisini yerinə yetirib. Ümumilikdə Kiyev indiyədək yerinə yetirilməli olan 95 göstəricidən 84-nü və ya təxminən 88 %-ni icra edib.
Aİ Şurası Ukraynaya dəstək planına da dəyişiklik edib. Plana Norveçin 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində əvəzsiz könüllü töhfəsi daxil edilib.
Norveç Aİ-yə üzv olmayan ölkələr arasında Ukraynaya dəstək üzrə Ukrayna Planı vasitəsilə yardımı nəzərdə tutan "Ukraine Facility" proqramının ilk komponentinə vəsait ayıran ilk ölkə olub. Böyük Britaniya isə daha əvvəl proqramın ikinci komponenti olan "Ukraine Investment Framework" çərçivəsində 17 milyon avrodan çox vəsait ayırıb.
Yeni tranş köçürüldükdən sonra Ukraynanın 2024-cü ilin ortalarından etibarən "Ukraine Facility" çərçivəsində aldığı vəsaitin ümumi həcmi 32 milyard avronu ötəcək.
1 dəqiqə