Akar Rusiyadakı görüşün detallarını açıqladı VİDEO
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya Müdafiə Nazirliyində görüş keçiriblər. Dekabrın 28-də baş tutan görüş barədə Akar jurnalistlərə özü məlumat verib. Bildirilib ki, görüş zamanı Suriya məsələsi müzakirə olunub.
“Vnukovo” hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanan Akar və Fidanın Rusiya Müdafiə Nazirliyində keçirdiyi görüşün detallarını nazir özü açıqlayıb. Akar görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbasın da iştirak etdiyini, eləcə də Rusiya və Suriya xüsusi xidmət orqanlarının rəhbərlərinin müzakirələrə qatıldığını açıqlayıb.
“Toplantıda Suriyada və bütövlükdə regionda vəziyyətin tezliklə müsbətə doğru dəyişməsi, sülh və sabitliyin bərqərar olması üçün edə biləcəyimiz işləri müzakirə etdik. Türkiyənin mövqeyini çatdırdıq, digər tərəflərin də mövqelərini dinlədik. Bizim dilə gətirdiyimiz ən vacib məsələ terrorla mübarizə oldu. Suriya və İraq başda olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünü dəstəklədiyimizi, terrorla mübarizədən başqa heç bir məqsədimizin olmadığını diqqətə çatdırdıq”, - o qeyd edib.
Akar bildirib ki, digər məsələ isə Türkiyə sərhədlərinin təhlükəsizliyi və Suriyadan qaçqın axının qarşısının alınması olub. Nazir əlavə edib ki, üçtərəfli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.