XƏBƏRLƏR / Siyasət

Bakıda Belçika Müstəmləkəçiliyinə qarşı konfrans

Tədbir “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” mövzusundadır YENİLƏNİR

Bakıda Belçika Müstəmləkəçiliyinə qarşı konfrans
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 13:18

    Konqoda talan edilmiş mədəni irs xalqın yaddaşını, tarixini və kimliyini təmsil edir. Bu itkilər yalnız maddi deyil, həm də mənəvi zərbədir.

    Bu sözləri Konqo Demokratik Respublikasından olan fəal, siyasi xadim və insan haqları müdafiəçisi Andrea Kalubi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.

    İnsan haqları müdafiəçisi qeyd edib ki, Belçika kolonial dövrdə xüsusən kauçuk istismarı nəticəsində həm təbiətə, həm də insanlara böyük zərər vuraraq nəhəng gəlir əldə edib.

    Kral II Leopoldun qazancı o dövrdə 70 milyon frank, bugünkü məzənnə ilə təxminən 1,2 milyard avro idi. Ona görə də məsələ yalnız keçmişi xatırlamaqla bitmir, mənəvi, iqtisadi və hüquqi ədalətin bərpası zəruridir.

    ***

    11:13

    Hökumət strukturu, işsizlik səviyyəsi və digər problemlərin bir çoxu müsətmləkəçiliyin nəticəsi kimi izah edilir. Tarixi aspektdən kənara çıxsaq, kolonial tariximizin yenidən qiymətləndirilməsi həm də siyasi məsələdir. Belçikanın kolonial mirasını qiymətləndirərkən bu yaddaşı kollektiv məsuliyyətə çevirmək barədə düşünmək vacibdir.

    Bu sözləri BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsində layihə üzrə mütəxəssis Jessi Mudiay Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

    O bildirib ki, tarixi keçmişi bir kənara qoyaraq, 2025-ci ildə keçmiş müstəmləkəçilərdən nə isə gözləmək artıq köhnəlmiş yanaşmadır. Kollektiv məsuliyyətimiz odur ki, bu gün özümüz üçün nə isə yarada bilək və keçmişdən asılı olmayaraq hərəkət edək.

    Məsələn, Braziliya üç əsrdən çox müddətdə Portuqaliya tərəfindən müstəmləkəyə çevrilmişdi, amma bu gün BRICS-in üzvü və regional gücdür. Eynilə Hindistan iki əsr İngiltərənin müstəmləkəsi olub, amma bu gün nüvə gücüdür.

    ***

    11:07

    Bütün təhsil sistemi və kilsə təsirləri nəticədə aşağılıq hissi yaratmaq və kolonizasiyanı möhkəmləndirmək üçün istifadə olunub. Hətta bu gün bəzi məktəblərdə hələ də kolonizasiyanın “faydaları” vurğulanır, onun mənfi tərəfləri isə minimal şəkildə göstərilir, rejimin zorakılığı və vəhşiliyi isə əhəmiyyətsizləşdirilir.

    Bu sözləri "Wetsi Art Gallery"nin təsisçisi və direktoru Anne Vetsi Mpoma Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

    O bildirib ki, 1960-cı ildə Konqo müstəqillik qazananda Belçikada koloniyaları idarə edən nazirlik bir anda Xarici İşlər Nazirliyinə çevrildi. Bütün əməkdaşlar və struktur qorundu. Faktiki olaraq dekolonizasiya işləri aparılmadı. Müstəqilliyə baxmayaraq, hegemonik hekayələr dəyişdirilmədi, əksinə, gücləndi, məktəb dərslikləri yenilənmədi.

    Bu gün – 2025-ci ildə kolonizasiyanın sona çatmasından 65 il keçməsinə baxmayaraq, Belçikada afrodilli insanlar, təşkilatlar və vətəndaş hüquqları müdafiəçiləri hələ də bu tarixi hekayələri dəyişdirmək və kolonial təhrifləri aradan qaldırmaq üçün çalışırlar.

    ***

    10:20

    Bu gün biz əsasən Belçika müstəmləkəçiliyi, onun Konqo üzərində yaratdığı zorakılıq və irs üzərində dayanacağıq. Mən bu hərəkəti “terrordan axın” və ya “terrordan boru xətti” adlandırıram. Bu sistem fiziki zorakılıqdan bürokratiyaya, ideologiyadan yaddaşa keçid yaradaraq indiki dövrü formalaşdırmağa davam edir. Onun təsirləri hələ də hiss olunur və Konqoda ciddi nəticələr doğurur.

    Bu sözləri Braziliya Universitetində doktorant tədqiqatçı Luis Filip Patrik De Jong Filyo Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

    O qeyd edib ki, Belçikanın Konqo üzərində yaratdığı vəhşilik və zorakılıq diqqətə çatdırılmalıdır. Sistem I Leopold dövründə (1885–1908) birbaşa fiziki zorakılıq üzərində qurulmuşdu. Leopold Konqonu şəxsi mülkü kimi idarə edir, işçiləri zorla işləməyə məcbur edir, onları şikəstlik və terrorla qorxudurdu. İşçilər qeyri-mümkün tələblərlə kauçuk və fil dişi toplamağa məcbur olunurdu, buna əməl etməyənlər isə cəzalandırılırdı.

    “Kolonial ideologiya populyar mədəniyyət vasitəsilə – komikslər, təhsil və ictimai abidələr vasitəsilə yayıldı. Bu vacibdir, çünki hətta bu gün də Belçikada uşaqlar komikslərə maraq göstərirlər. Bu komikslər afrikalıları sadəlövh, uşaq və ya vəhşi olaraq təsvir edir, Belçikanı isə qısamüddətli sivilizator kimi göstərirdi. Uşaqların bu tip komiksləri oxuyarkən əldə etdikləri təsvirin böyük olduğunu anlamaq vacibdir",- deyə braziliyalı tədqiqatçı əlavə edib.

    ***

    10:13

    Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən ağır fəsadlarına həsr olunmuş “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilir.

    Konfransda Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edirlər.

    Ümumilikdə tədbirə 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılıblar. İştirakçılar Belçikanın müstəmləkə dövründə törətdiyi cinayətləri, onun neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn kompensasiya (reparasiya) məsələlərini müzakirə edəcəklər.

    Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın keçmiş müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalq təşkilatların gündəliyinə salınması istiqamətində iş aparır.

    Belçikanın müstəmləkə siyasəti nəticəsində Konqo Demokratik Respublikasında 10 milyondan çox insanın ölümü, on minlərlə insanın əllərinin kəsilməsi və ölkənin mədəni resurslarının talan edilməsi kimi ağır cinayətlər baş verib.

    Belçika Ruanda və Burundidə 1933-cü ildə 600 min etnik kimlik kartı paylayaraq etnik bölgü siyasəti aparıb və bu, sonradan 1972 və 1994-cü illərdə kütləvi soyqırımılara zəmin yaradıb.

    1940–1950-ci illərdə 20 min metis uşaq ailələrindən zorla ayrılaraq Belçikaya aparılıb.

    Belçikada yerləşən Tervuren Muzeyində Belçika müstəmləkəsi dövründə 180 min talan edilmiş artefakt saxlanılır.

    Ruandadan Tervuren Muzeyinə 40 mindən çox mədəni artefakt (maskalar, könüllü alətlər) talan edilərək aparılıb.

    BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur.

    Hesabatda Konqo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro həcmində reparasiya tələbi irəli sürülüb.

    Bununla yanaşı, Belçikanın keçmiş müstəmləkə ərazilərində, xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarət etməklə neokolonial istismar siyasətini davam etdirir.