Akif İslamzadə 75 yaşında VİDEO
Müğənni 120-dən çox mahnının ifaçısıdır
Akif Qədir oğlu İslamzadə 8 avqust 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub.
Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.
1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb.
Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub.
1992–1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.
1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.
6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
120-dən çox mahnının ifaçısıdır.
ANS Press olaraq görkəmli ifaçımızı ad günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq!