BLOQ

Aşura günü...

44 il əvvəlin xatirələri

Aşura günü...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 80-ci illərdə Aşurada nənəmgil bizi də bir neçə dəfə məscidə aparmışdılar. Bizə ən yaxını Təzə Pir idi.

    88-ci ilin Azadlıq Meydanındakı mitinqlərə qədər ilk izdihamı Aşurada görmüşdüm. Məscidin həyətinə girənə qədər insan selini yarıb keçməli olurduq. O vaxtlar qadınlar başlarına örpək örtürdülər, ancaq izdihamın içində tək-tük qara çadralılar da görünərdi.

    Məscid həyətinə doğru "Ya Hüseyn, vay Hüseyn" nidaları, bağırtısı yaxınlaşırdı. Özünü zəncirlə vuranlar elə möhkəm döyəcləyirdilər ki, zəncirin səsi eyni ritmlə çıxırdı, hamısı eyni hərəkətlə döyürdülər özlərini. Kürəklərini və sinələrini qan götürüb gedirdi. Başqa tərəfdə də baş yaranlar olurdu. Kinolarda gördüyümüz xəncərlərlə.

    Qadınlar əlləri ilə sinələrini döyürdülər. Hamı ritmi tuturdu. Şappıltı səsləri xaotik olmurdu, eyni ritmlə, düzənli şəkildə davam eləyirdi.

    Sovet rejiminin qılıncının dalı da, qabağı da kəsən dövr olsa da, Bakıda Aşura ən klassik versiyasında qeyd olunurdu. Ancaq xütbələr mikrofonlar yox, sadəcə məscidin içində oxunardı.

    Kişilər, qadınlar və uşaqlar birlikdə otururdular məscidin içində.

    İnsanlar qara əski parçaları paylaryardılar, bizim də biləyimizə tanımadığımız qadınlar qara nazik lent bağlayardı. Mənə nəsə çox mistik bir şey kimi görünərdi o qara lent.

    Dəqiq yadımdadır, qadınlar bir-birindən soruşurdu: Axşam şami-qəribana gələcəksən?
    Sən demə, Aşuranın axşamı camaat yüzlərlə şam gətirib məscidin həyətində yandırırdılar və ortalıq şam işığı ilə aydınlanırdı. Ancaq biz axşama qalmırdıq. Kimlərsə deyirdi ki, "qətl sındı" və əksəriyyət dağılışırdı.

    Evə gedəndə yenə eyni yolla "Axundov bağı"na doğru düşürdük. Yol boyu oradakı evlərdə yaşayan camaat gələn-gedənə ehsan paylayırdı. Lavaşarası isti halva və şərbətin dadı hələ də damağımdadır.

    "Axundov bağı"nın həndəvəri dəhşət xoşuma gəlirdi. İller keçdi və öz evimi məhz orada almışdım...